Xüsusi kapital sahəsində tədqiqatlar üzrə ixtisaslaşan “Altrata” analitik şirkətinin məlumatlarına əsasən, 2025-ci ildə dünyada dollar milyarderlərinin sayı 8,2% artaraq rekord həddə — 3 795 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, “Altrata” artım tempinin son beş ilin maksimumuna çatmasını bütün dünyada sərvətin artmasını sürətləndirən süni intellekt (Sİ) bumu ilə əlaqələndirir. Şirkətin hesabatında bildirilir ki, dünya milyarderlərinin ümumi sərvəti 12,8% artaraq rekord $15,1 trilyon təşkil edib.
Hesabata görə, dünyada 29 ultra-zəngin şəxs (sərvəti $50 milyarddan çox olan) var. Onların ümumi sərvəti təxminən $4,1 trilyon təşkil edir ki, bu da bütün milyarderlərin kapitalının 27%-i deməkdir. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə ultra-zəngin şəxslərin sayı cəmi 10 nəfər idi və dünya milyarderlərinin ümumi sərvətinin 7,2%-i onların payına düşürdü.
“Altrata”nın tədqiqat və analitika şöbəsinin rəhbəri Maya İmberqin sözlərinə görə, Sİ sahəsindəki bum milyarderlərin sərvətləri arasındakı fərqin böyüməsinə təkan verib. O xəbərdar edir ki, texnologiya şirkətlərinin səhmlərinin bahalaşması rekord sərvətlərin yaranmasına gətirib çıxarsa da, Sİ şirkətlərinin səhmləri ilə bağlı kapitalın dinamikası kifayət qədər dəyişkən (volatil) ola bilər.
“Altrata” məlumatları göstərir ki, 2025-ci ildə Şimali Amerikada milyarderlərin sayı 11,6% artaraq (digər bütün regionlardan daha sürətlə) 1 337 nəfərə çatıb.
Avropada onların sayı 7,9% artaraq 1 081-ə, Asiyada isə 6,5% artaraq 881 nəfərə yüksəlib.
Məryəm





















