“Əsgərlərimizi səngərlərdə qətlə yetiriblər” - YENİ VERSİYA
Xəbər verdiyimiz kimi, müxtəlif KİV-lərdə yayılan informasiyalara görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə Ermənistanla sərhəddə və Qarabağdakı təmas xəttində erməni silahlı qüvvələri Milli Ordumuzun mövqelərinə qarşı ciddi hücuma keçiblər.
Hafta.az-ın cəbhə xəttində olan əməkdaşı məlumat verir ki, daha çox itki Tərtərin Qapanlı kəndi istiqamətində baş verib. Qapanlı sakini Namiq Hüseynovun hazırda bölgədə olan əməkdaşımıza verdiyi məlumata görə, gecə saat təxminən 00.30-dan erməni tərəfinin işğal altındakı Seysulan kəndindən açılan atəş 04.00 radələrinədək davam edib. Nəticədə 7 əsgərimiz şəhid olub, yaralananlar da var. Bəzi evlərə ziyan dəyib. Birbaşa erməni mövqeləri ilə üzbəüz olan evlərdən birində yaşayan kənd sakini Azərbaycan Ordusunun tank və toplardan atəş açmağa məcbur olduğunu da söyləyib. N.Hüseynovun sözlərinə görə, ermənilərin kəşfiyat-diversiya qrupu gözlənilmədən hücum edərək əsgərlərimizi səngərlərdəki mövqelərində qətlə yetirib. Erməni ordusunun itkiləri barədə dəqiq məlumat yoxdur. Hazırda kənddə sakitlikdir.