Ərinin narkomana çevirdiyi gənc qadının etirafları - (Video)

🗓 08.01.2015 16:55 ✍️ "Elçi" qəzeti
Ərinin narkomana çevirdiyi gənc qadının etirafları - (Video)
...Dəmir barmaqlıqlı qapı gurultu ilə açılır. Uzun, amma ensiz həyətə daxil oluruq. Ətraf sanki göy rəngə boyanıb. Ağaclar göy barmaqlıqlarla hasarlanıb, göy rəngə boyanmış oturacaqlar qoyulub. 78522_res_01Daha bir dəmir barmaqlıqlı qapının qarşısındayıq. Bura qadın şöbəsidir... Virtualaz.org saytının əməkdaşları Respublika Narkoloji Mərkəzində olaraq narkomaniya kimi bəladan xilas olmaq istəyənlərin müalicəsi ilə maraqlanıblar. Respublika Narkoloji Mərkəzinin qadın şöbəsində hazırda 4 xəstə müalicə alır. “Həyat yoldaşım həyatımı məhv etdi” “Elə bil dördü də gözəllik yarışına qatılıb, çox gözəldirlər” deməyimiz narkoman qadınların üzünü güldürür. Nərminə Babayeva (ad şərtidir-red.) açıqlama verməkdən çəkinmir: “İki uşağım var, onlara anam baxır. İndiyədək uşaq sevgisinin nə olduğunu bilmirdim. İlahi, narkotik anadan da, uşaqdan da əziz olurmuş. Ana olduğumu hələ indi-indi hiss edirəm”. 27 yaşlı Nərminə Babayeva 6 ildir narkotikdən istifadə edir. Deyir ki, həyat yoldaşının təkidi ilə bir dəfə “dadına” baxmaq istəyib: “Həyat yoldaşım məcbur elədi, mən də kokainin “dadına” baxdım. Bilmirdim ki, ağrılar məni “otuzduracaq”. Məni məhv edən həyat yoldaşımdan ayrıldım, sonradan onu elə narkotikə görə həbs elədilər”. “Birinci, ikinci, üçüncü dəfə... Və sonradan ayrıla bilmədim. Hamısı bir dəfə dadına baxandan sonra baş verir. Müalicəyə cəhd edirdim, amma düşdüyüm “kruqum” imkan vermirdi” - deyə Nərminə söyləyir. Qadının sözlərinə görə, müalicədən sonra köhnə tanışları ilə əlaqəsini kəsəcək: “Narkotik hər yerdə satılır. Almağa pulum olmayanda tanışlarım verirdi. Buna görə də onlarla əlaqəni kəsəcəm. Çox peşmanam. Heç kim onun “dadına” baxmağa cəhd eləməsin. Yalandır, “bir dəfə edim, sonra etməyəcəm” deyə bir şey yoxdur. Hamısı elə birinci dəfədən başlayır. “Kruqa” düşürsən, çıxa bilmirsən, ağrı-acı imkan vermir...” Digər qadınlar danışmaq istəməsələr də onlardan birinin anasının təkidi ilə müalicə olunmağa razılıq verdiyini öyrənirik. Kişi xəstələrin yatdığı palatalara baxmağa icazə verilməsə də vəziyyəti həkimdən öyrənməyə çalışırıq. Statistikada 28 min, reallıqda 10 dəfə çox... Hazırda qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı təxminən 28 minə yaxındır. Mərkəzin şöbə müdiri Afət Məmmədovanın sözlərinə görə, statistika hazırlanarkən rəsmi qeydiyyata alınanların sayı 10 mislinə vurulur:“Beynəlxalq normalarda qeyri-rəsmi məlumat bu cür əldə edilir. Əgər Azərbaycanda da qeyri-rəsmi məlumatlara inansaq, göstəricilər narahatlıq doğuracaq dərəcədə olur. Azərbaycanda hesabat üç mənbədən alınır. Birincisi, əsas mənbə Respublika Narkoloji Mərkəzi və digər bölgələrində fəaliyyət göstərən narkoloji dispanserlərində xəstə kimi qeydiyyata alınanlardır. İkincisi barələrində məhkəmə narkoloji tibbi-ekspertiza təyin olunaraq məcburi müayinəyə cəlb olunanların statistikasıdır. Bundan əlavə, Nazirlər Kabinetinin qərarı var. Həmin qərara əsasən işə qəbul olunanlar və işləyənlər 1 il ərzində narkoloji tibbi müayinədən keçməlidir. Bu müayinələr zamanı aşkarlanan xəstələr profilaktik qeydiyyata götürülür. Ümumi məlumatlar xəstələrin sayında artım olduğunu göstərir”. A.Məmmədova dedi ki, rəsmi qeydiyyatda olanların 5 mini profilaktik qeydiyyata alınanlardır: “Cəmi 5 min nəfər profilaktik qeydiyyata alınıb. Yerdə qalanlar isə dispanser qeydiyyatında olanlardır. Dispanser qeydiyyatının profilaktik qeydiyyatdan fərqi ondadır ki, dispanser qeydiyyatı olanlar artıq narkoloji xəstədilər. Yəni narkotik maddələrin qəbulu nəticəsində onlarda həm fiziki, həm də psixi asılılıq formalaşıb. Lakin profilaktik qeydiyyata alınanlar narkotik maddələri epizodik qəbul edənlərdir”. Təəssüf ki, qadınlar arasında narkotik maddələrdən istifadə edənlərin sayında ciddi artım müşahidə edilir. Həkim deyir ki, xəstələrin yaşı cavanlaşır: “Hazırda bizim xəstəxanada 185 xəstə müalicə alır. Doğrudur, qadın xəstələrin sayı kişi xəstələrə nisbətən azdır. Amma 5-6 ilin statistikasına nəzər yetirdikdə narkoman qadınların sayının artdığı bəlli olur. Çox təəssüf ki, son illər qəbul olunan xəstələrin əksəriyyəti 1980-1990-ci illərdə doğulanlar, yəni gənclərdir. 1960-1970-ci ildə doğulanlara az rast gəlinir. Hətta klinikamızda 14-15 yaşlı xəstələr də müalicə alıblar. Doğrudur, onlar artıq məktəbdə oxumurlar. Sonuncu dəfə bu yaşda olan iki bacı müalicə aldı”. Afət Məmmədova narkotik istifadəçilərinin sayının artmasına da münasibət bildirdi: “Narkomaniyanın yayılma səbəbi daha çox 3 amilə bağlıdır. Birinci səbəb kimi ölkənin coğrafi baxımından yerləşməsi, yəni Azərbaycandan tranzit ölkə kimi istifadə edilməsi götürülür. Ölkəmizə gətirilən narkotik vasitələrin bir qismi Azərbaycanda ləngiyir,  Azərbaycan vasitəsilə Orta Asiya və Qərbi Avropa, eləcə də Rusiyaya çatdırılır. Yəni narkotikin əldə olunması problem deyil. İkinci səbəb psixoloji amillərdir. Bunda ailələr də günahkardır. Ailələr uşaqların narkotikadan istifadəsini gizlədirlər, gec müraciət edirlər. Amma onlar başa düşmürlər ki, bu gün gizlətdikləri narkotik maddə istifadəçiləri sabahın cinayətkarları, ağır infeksion xəstəliklərin daşıyıcısıdır. İnanın ki, bizə gələn xəstələrin əksəriyyətinin ən azı 5-10 il “stajı” olur. Onlar vaxtında müraciət etsəydilər, daha effektli nəticə ala bilərdilər. Profilaktika tədbirlərinin yetərincə aparılmaması səbəbindən də narkomanların sayı artır. Çox vaxt bunu deyəndə səhiyyə günahlandırılır. Amma doğru deyil. Səhiyyənin işi müalicə ilə  məşğul olmaqdır. Profilaktik tədbirlər həyata keçiririk. Amma bu işlə Təhsil, İdman və Gənclər nazirlikləri, eləcə də digər qurumlar məşğul olmalıdır”. 8 yaşlı uşaqlar da toksikomanlıq edir Mərkəzdə narkomanlarla yanaşı spirtli içki düşkünləri, toksikomanlar da müalicə alırlar. A.Məmmədovanın sözlərinə görə, narkomanların əksəriyyəti orta məktəb dövründən bu işə başlayıblar: “Alkoqolizm, toksikomaniya da narkoloji xəstəliklər qrupuna daxildir. Xəstə mərkəzimizə qəbul olunanda ondan narkoloji analiz alınır. Xəstələrə sual verirsən ki, ilk dəfə narkotik maddəni hansı yaşda qəbul etmisən, cavab verəndə bəlli olur ki, əksəriyyəti orta məktəb yaşlarından bu bəlaya başlayıblar. 10-12, 14-16, hətta 8 yaşda istifadə edənlər olur. Onlar tədricən narkotik maddəni dəyişirlər. Yəni bu, o demək deyil ki, onlar birbaşa heroin istifadə ediblər. Əvvəl müəyyən həblərdən, psixotrop dərmanlardan istifadə ediblər. Sonra marixuananı papiros şəklində çəkiblər, sonra tiyrəkdən vena daxilinə yeridiblər, heroin iyləyiblər. Çox vaxt xəstələr yalnız venadaxili narkotik istifadəsini narkomaniya sayırlar. Amma narkotik vasitənin orqanizmə daxil olma yolu heç bir rol oynamır. Elə narkotik var ki, onlar yalnız iyləməklə qəbul olunur. Bu, o demək deyil ki, həmin şəxs narkotik istifadəçisi sayılmır”. Toksikomaniyaya gəldikdə isə həkim söyləyir ki, toksikomaniyada təkcə “kley” və ya digər iyli kimyəvi məhsulları qəbul olunmur, müəyyən sedativ dərmanlar,  yad aromativ maddələrin qəbulu da toksikomaniya sayılır. A.Məmmədova deyir ki, toksikomaniyanın özünün də bir neçə qrupu var: “Təəssüf ki, bu gün orta məktəb uşaqları arasında dərmanlardan istifadə çox “populyarlaşıb”. Yəni apteklərdə müəyyən dərmanlar satılır ki, onlar tibbi digər sahələrində istifadə olunur. Bu dərmanlardan narkotik istifadəçiləri də qəbul edirlər. Onların dili ilə desək, guya həzz alırlar. Normal halda satılmasına icazə verilən bəzi dərmanları da onlar alıb qəbul edirlər. Məsələn, “Tropin” adlı göz damcısı var. Bu damcı göz xəstəliklərinin müayinəsində istifadə olunur ki, bəbəkdə gedən pataloji proseslər aydın görünsün. Amma təəssüf ki, son 4-5 ildə müalicə etdiyimiz xəstələrin çoxu bu damcını vena daxilinə vurub. Yəni cüzi miqdarda heroini qataraq  venasına yeridirlər. Hətta gündə 3-4 flakon vuran xəstələrimiz var. Bu damcının venaya yeridilməsi ölümlə nəticələnə bilər. Bəzən isə ağır psixoloji duruma səbəb olur, xəstələrdə dərin yaralar əmələ gəlir. Bizdə hazırda elə xəstə yoxdu ki, onun psixoloji vəziyyəti ağır olmasın. Yalnız heroindən istifadə edən xəstələrin psixoloji durumu o qədər ağır olmur. Bu xəstələrin isə yuxu sistemində, əhval-ruhiyyəsində problemlər yaranıb, davranışları dəyişib. Bu, ondan irəli gəlir ki, narkotik maddələrin tərkibinə çoxlu sayda kimyəvi maddələrin qatılmasından irəli gəlir. Biz “Tropin” görə Səhiyyə Nazirliyi qarşısında məsələ qaldırdıq. Artıq bu dərmanlar reseptlə satılır. Amma yenə də bu dərmanları problemsiz əldə edə bilirlər”. “Narkomanlar arasında sosial təbəqələşmə itib” Afət Məmmədova onu da qeyd edir ki, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun qəbulundan sonra narkomaniyanın müayinə və müalicəsi könüllülük prinsipi ilə həyata keçirilir:  “Çox təəssüf ki, ətraf mühitin təsiri, psixoloji durum və cəmiyyətin münasibəti nəticəsində könüllü müayinə və ya müalicə olunmağa imkan vermir. Buna görə də xəstələr müalicə olunmaq istəməsələr, biz onları məcburi xəstəxanada saxlaya bilmərik. Bəzən könüllü gələnlər olur, amma onların sayı çox azdır”. Həkimin sözlərinə görə, 2000-2001-ci ildə daha çox imkanlı şəxslər müalicəyə gəlirdisə, indi sosial təbəqələşmə aradan qalxıb: “Hazırda elə xəstəmiz var ki, bazarda araba sürür. Yəni gündəlik çörəkpulunu güclə qazanıb. Elə ailələr də var ki, vaxtilə maliyyə imkanları yaxşı olub, amma narkomaniya onları çökdürüb. Güclə öz gündəlik ehtiyaclarını ödəyirlər. Heç kim bu bəladan sığortalanmayıb. Bu mərkəzə hər sahənin mütəxəssisləri gəlir. Hətta Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları da mərkəzimizdə müalicə alıblar”. A.Məmmədova qeyd etdi ki, artıq narkotik maddə istifadəçilərinin reabilitasiyası ilə bağlı əmr verilib: “Bizim mütəxəssislər xaricdə olan reabilitasiya mərkəzləri ilə tanış olublar. Yaxın gələcəkdə onların reabilitasiyasına başlanılacaq”. ...Dəmir barmaqlıqlı qapı gurultu ilə bağlanır. Qapının o tayında toplaşanlar xəstələrin vəziyyətini öyrənməyə çalışırlar. ... “Bala, vallah hamımız yaxşıyıq. Tək nigarançılığımız səndəndir”. Əlindəki telefon dəstəyini könülsüz mühafizəçiyə uzadıb göz yaşını silən yaşlı qadın üzünü yanındakı cavan gəlinə tutub “Dedi, çıxandan sonra dəyişəcəm, dedi peşmanam”-deyir. Cavan gəlinin üzündəki kədər isə...    

Bənzər yazılar