Əmək müqaviləsi olmadan işləyən jurnalistlər...

🗓 01.12.2014 16:00 ✍️ "Elçi" qəzeti
Əmək müqaviləsi olmadan işləyən jurnalistlər...

Azərbaycanda əmək müqaviləsiz işə götürmək əsasən vergidən yayınmağa xidmət edir; bəs qanunlar nə deyir?img1692410

Bu yaxınlarda jurnalist həmkarımla söhbətdən məlum oldu ki, vətəndaşlara əmək müqaviləsinin önəmlərindən bəhs edən mətbuat nümayəndələrinin əksəriyyətinin bu baxımdan hüquqları pozulur.
“İş üçün hökümət saytlarının birinə müraciət etdim. Bildirdilər ki, bir ay sınaq müddətində olacam, daha sonra sənədlərim rəsmiləşdiriləcək. Bir aydan sonra müəssisədə ştatda qeydiyyata alındım. Uzun müddət  keçməsinə baxmayaraq əmək müqaviləsi imzalanmırdı. Səbəbini soruşduqda isə bir bəhanə ilə məsləni uzadırdılar. Artıq 4 ayın tamamında mənə bildirdilər ki, bu gündən işimi dayandırmalıyam. Təssəvür edin, işdən çıxarıldığımı işə gəldiyim gün bildim. Heç bir təzminant ödənilmir, işdən çıxarılma səbəbi izah edilmir, üstəlik əmək haqqım 100 manat kəsilərək verilir. Məhkəməyə müraciət isə mümkün deyil. Ən pisi odur ki, jurnalist kimi fəaliyyətimdə dəfələrlə əmək müqaviləsi mövzusuna müraciət etmişəm. Ancaq qurbanlarından biri elə özüm oldum” - deyə adının çəkilməsini istəməyən həmkarım bildirdi.
O, əmək müqaviləsinin ciddi cəhdlə tələb edə bilməmməsinin səbəbini də bildirdi: “Gənc mütəxəsis kimi iş tapa bilmək çətin məsələdir. Bunun üçün bir çox hallarda hüquq pozuntusuna göz yummalı oluruq”.

İntihara cəhdin səbəbi

Qeyd edək ki, müəssisədə işçilərin adı ştatda qeyd olunmaqlarına baxmayaraq istənilən an işdən  azad olma təhlükəsi var. İşdən azad olmaq insanda psixoloji problemler yaradir. Elə bu günlərdə mçetronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən 1969-cu il təvəlüdlü Nizami Musayev də işdən çıxarıldığı üçün bu addımı atdığını demişdi. N.Musayev işdən heç bir əsası olmadan qovulduğunu bildirirdi.
Adıçəkilən vətəndaş da böyük ehtimalla əmək müqaviləsiz işə cəlb olunub. Belə olan halda işçiyə heç bir təzminant ödənilmədən işdən uzaqlaşdırırlır. Həmin şəxsin himayəsində ailə, yaxud banklara kredit borcu varsa məsələ daha da qəlizləşir. Ölkəmizdə yeni iş tapmaq isə əsas problemlərdən biridir. Tələbələr, ali təhsilli gənc mütəxəsislər, xüsusən yaşlı insanlar iş tapmaqda çətinlik çəkirlər.

Əmək müqaviləsi bizi mühafizə edir

İşçi və işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi işçilərin gələcək pensiya-müavinət  təminatı üçün zəruri olan hüquqi əsas yaradır. İstər-istəməz bağlanan müqavilədə ödəlinən məbləğ dəqiq göstərirlir, bu isə işçinin gələcəkdə layiqli pensiya almasına səbəb olacaq.
Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Yəni bu gün işçi ilə işəgötürən kağız üzərində əmək müqaviləsi bağlayır, lakin onu elektron informasiya sisteminə daxil edərək əmək müqaviləsi bildirişi əldə etməyibsə, həmin müqavilə hüquqi qüvvəyə malik olmur. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun elektron informasiya sisteminə daxil edilməsi şərtdir.
Əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi əmək qanunvericiliyinə nəzarətin güclənməsi, işçilərin əmək hüquqlarının daha etibarlı şəkildə qorunması deməkdir . Bu eyni zamanda işçilərin müqavilədə göstərilən hüquqlarının icrasını işəgötürəndən tələb etmək üçün onlara hüquqi əsas verir. İşəgötürənlərin işçi hüquqlarının təminatında məsuliyyətdən yayınma hallarının qarşısı alınacaqdır. Nəticədə işəgötürənlər qanunvericiliyin tələblərinə daha ciddi şəkildə yanaşaraq işçilərin əmək hüquqlarının qorunmasına diqqet edəcək.

Sahibkarlar vergidən yayınırlar

Sahibkarlar əmək müqaviləsindən qaçmaqla vergidən də yayınmış olurlar. Bəzən sənədləri saxtalaşdıraraq işçilərin sayını, əldə etdikləri gəlirləri az göstərməklə daha az vergi ödəmiş olurlar. Bu baxımdan Vergiler Nazirliyi ciddi tədbirlər görmək üçün fəaliyyətə keçərək qeyri-leqal məşğgulluğun leqallaşdırılması, iş yerlərinin düzgün rəsmiləşdirilməsi, muzdlu işlə əlqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində tədbirlər görür.
Bunun üçün marifləndirmə işləri aparılır, nəqliyyat vasitələrində, avtobuslarda əmək müqaviləsinin bağlanılmasının məcburiliyi barədə reklam lövhəcikləri yerləşdirilir. Vergi orqanlarının müdaxiləsi nəticəsində xeyli vətəndaşla əmək müqaviləsi bağlanıb. Bütün bunlara baxmayaraq hələ də fiziki şəxslər əmək müqaviləsi bağlamadan işə cəlb olunurlar.

Tikinti biznesində vəziyyət yaxşılğa doğru gedir

Sirr deyil ki, Azərbaycanda tikinti biznesinin sürətlə inkişaf etdiyi bir zamanda təkcə baş menecer, mühasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanır. Fəhlələrə isə yalnız şifahi razılığa əsasən gündəlik ödənilən məbləq təklif olunur. Bu səbəbdən dövlət bu sahəyə daha çox diqqət ayırmağa çalışır. Nəticə isə sevindiricidir. Artıq fəhlələrlə də müqavilə imzalanmağa başlanılıb.

3 ildən 7 ilədək həbs cəzası

Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilir.
Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda (“xeyli” sayda dedikdə, 10 nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dayə, bağban, gözətçilərlə müqavilə necə tənzimlənir?

Qeyd edək ki, evlərdə muzdla işləyən xadimə, dayə, cangüdən, bağban və digər şəxslərin də əmək müqaviləsi ilə işləməsi vacibdir. Məlumata əsasən ölkəmizdə bu cür işlərdə çalışanların sayı təxminən 30-40 minə yaxındır. Ekspertlər bildirirlər ki, məlum qanunvericilikdə bununla bağlı uyğunsuzluqlar var ki, bu da mütləq aradan qalxmalıdır.

Əlavə iş yeri mümkündürmü?

Yeni qanuna əsasən bir şəxslə iki və daha artıq iş yerində bağlanmış əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməsində heç bir məhdudiyyət yoxdur. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən işçi əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.
 

Bənzər yazılar