ÜST Pakistana səyahət məhdudiyyətini 3 ay uzadıb

92

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Komitəsi, poliomielit epidemiyası riskinin davam etdiyi səbəbiylə Pakistana səyahət məhdudiyyətini 3 ay müddətinə uzadıb.
Elchi.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) internet saytında verilən açıqlamada Pakistanın poliomielitlə mübarizədə nöqsanların olduğu bildirilib.
Pakistanda poliomielit xəstəliyinin yayılma riskinin “Beynəlxalq narahatlığa səbəb olan ictimai sağlamlıq fövqəladə vəziyyəti” təşkil etdiyini bildirən ÜST, səyahət məhdudiyyətini 3 ay müddətinə uzatmağa qərar verdi.
ÜST bəyan edib ki, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində 160 mindən çox uşaq peyvənd olunsa da, ölkədəki “peyvənd boykotları və təhlükəsizlik narahatlıqları” səbəbindən risk qalmaqdadır.
Ölkədə WPV1 tipli poliomielit hadisələrinin sayının 2023-cü ildə 2-yə yüksəldiyi vurğulanıb.
1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyasının bir hissəsi olaraq, Pakistan 2017-ci ildə xəstələrin sayını 20 mindən 8-ə endirdi. 2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 hadisə aşkarlanıb. Ötən il ölkədə 20 hadisə baş verib.

Şayəstə Hüseynova