Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynada döyüşmək niyyətində olan neonasist qruplaşmalarla əlaqədə olan Norveç vətəndaşını saxlayıblar. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın Xüsusi Xidmətlər naziri-koordinatorunun mətbuat xidməti məlumat yayıb.
“Bu adamın neonasist qrupları ilə birbaşa əlaqələri var. Hazırda o, Norveçə ekstradisiyasını gözləyir”, – ofisdən bildirilib.
Qeyd olunur ki, saxlanılan norveçli sentyabrın sonunda Polşa Respublikası ərazisindən Ukraynaya daxil olmağa cəhd edib. Polşa tərəfinin məlumatına görə, o, Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Legionunun tərkibində döyüşmək niyyətində olub.
Bundan əvvəl Ukrayna polisi itkin düşmüş britaniyalı muzdlu Deniel Börkün meyitini Zaporojye vilayətindəki poliqonda kanalizasiyada aşkarlayıb. Ehtimallara görə, həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən başqa bir əcnəbi muzdlu tərəfindən vurulub.
Havar Şəfiyeva