Ukrayna müharibəsi: Fransız jurnalist Baxmut yaxınlığında öldürüldü

187

32 yaşlı fransalı jurnalist Ukraynanın şərqində döyüş bölgəsindən reportaj hazırlayarkən öldürülüb.
Elchi.az BBC News-a istinadən xəbər verir ki,  “Agence France-Presse” xəbər agentliyində işləyən Arman Soldin çərşənbə axşamı Baxmutun qərbində, Çasiv Yar yaxınlığında raket atəşinə tutularaq dünyasını dəyişib.
Təxminən saat 16:30-da (GMT 13:30) bir qrup Ukrayna əsgəri ilə birlikdə jurnalistlər qrupu hücuma məruz qalıb.
Fransa prezidenti Emmanuel Makron Soldinin müharibənin ön cəbhəsindəki əməyini yüksək qiymətləndirib.
Fransa prezidenti Emmanuel Makron tvitter hesabında “Onun yaxınlarının və həmkarlarının ağrısını paylaşırıq” yazıb.
Agentliyin Avropa üzrə direktoru Christine Buhagiar Soldini “həvəsli, enerjili və cəsur” kimi xatırlayaraq, “öz sənətinə tamamilə sadiq olduğunu” söyləyib.
Siyasi spektrin müxtəlif millət vəkilləri Fransa Milli Assambleyasında dayanaraq Soldinə ehtiramlarını bildiriblər.
O, keçən ilin fevralında Rusiyanın işğalından sonra Ukraynaya gedən ilk “Agence France-Presse” komandasının bir hissəsi idi və sentyabr ayından orada yaşayırdı.
Ukrayna Müdafiə Nazirliyi Soldinin ailəsinə və həmkarlarına “ürəkdən başsağlığı” verib: “O, həyatını həqiqətləri dünyaya çatdırmağa həsr edib. Onun irsi, eləcə də işi davam edəcək”.
Ağ Ev, həmçinin dünyanın “Rusiyanın işğalının dəhşətlərinə işıq saçarkən” həyatını itirən jurnalistlərə “borclu” olduğunu bildirib.

Bosniya əsilli Soldin, Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2022-ci ilin fevralından Ukraynadakı müharibəni işıqlandırarkən öldürülən 15-ci jurnalist olub.

Münaqişəni işıqlandıran ən azı iki fransız jurnalist Pierre Zakrzewski və Frederic Leclerc-Imhoff öldürülüb.

Baxmut bir neçə aydır Ukraynanın şərqində döyüşlərin episentri olub.

Nuranə Məmmədova