Türk xalqı nə istəyir?

128

Öncədən təxmin etdiyim kimi, Türkiyədə prezident seçkiləri, cüzi fərqlə də olsa, 2-ci tura qaldı.

Bununla belə, Cumhur İttifakı, yenidən parlamentin əksəriyyətinə sahib oldu.

Hazırkı cumhurbaşqanı, sayın Rəcəb Tayyip Ərdoğan seçkinin 2-ci turunun açıq favoritidir.

Ərdoğanı sevin, yaxud sevməyin, ortada böyük bir gerçəklik var.

Ərdoğan liderliyində 2001-də başlayan mühafizəkarların yüksəlişi, bir çox müqavimət və təxribat cəhdlərinə baxmayaraq davam etdi, türk mühafizəkarlığı bir ideologiyaya çevrildi, gücləndi və xalq tabanında özünə geniş yer tapdı.

Türkiyəyə yeni islami mühafizəkarlıq, başqa bir adla, neo-konservatist bir anlayış gətirən Ərdoğanın, xalq tərəfindən bu cür ciddi şəkildə dəstəklənməsini, tərəfsiz və doğru şəkildə təhlil etmək lazımdır.

Ərdoğan hakimiyyətinə qarşı, 2007-ci ildəki ordunun yayınladığı hərbi memorandum, 2013-cü ilin dekabr hadisələri, 2016 dövlət çevrilişi və digər təxribat cəhdləri, türk xalqını Erdoğanın liderliyindəki mühafizəkar ideologiyanın ətrafında daha sıx birləşdirdi, baş verən təbii fəlakətlər, terror aktları, yüksək inflyasiya və iqtisadi çətinliklər bu birliyi qıra bilmədi.

Dünyada çox az iqtidar tapıla bilər ki, demokratik seçkilərdə dəfələrlə açıq səs fərqiylə qalib gəlsin, 20 illik hakimiyyətindən sonra, növbəti 5 il üçün də öz üstünlüyünü qoruyub saxlasın.

Ərdoğan liderliyindəki AK Parti höküməti, bəlkə də dünya tarixində bunun nadir (unique) nümunəsidir.

Bu baxımdan, Türkiyənin tarixini, türk xalqının çox əsrlik dövlətçilik anlayışını və türk dövlətçiliyini var edən, güclü edən məqamları bilmək lazımdır.

Cumhuriyet Halk Partisi – CHP, Türkiyənin qurucu lideri Atatürkdən sonra sayın Kemal Kılıçdaroğlu liderliyində ən böyük sıçrayışını gerçəkləşdirdiyini də qeyd etmək, mütləq vacibdir.

“Türk xalqı nə istəyir?!” sualının cavabı da, əslində ilk turun nəticələrində aydın görünür.

Türk xalqı, mühafizəkar və eyni zamanda dünyəvi bir cəmiyyət olmaq yolunu seçib ki, bu gün inkişaf etmiş qərbdə bunun nümunələri çoxdur.

Türk xalqı, dünyəviliyə sahib çıxan və mühafizəkarlığı (milli və dini dəyərlər) qoruyan bir hakimiyyətdən yanadır.

Onu dəstəkləyən Ata İttifakının ümumi faizindən 2 dəfə çox səs toplayan hörmətli Sinan Oğanın da bir çoxları üçün gözlənilməz olan sıçrayışı, bu qəbildəndir.

Fransa siyasi tarixini oxuyanlar, hazırkı modern və inkişaf etmiş Fransanın 1958-ci ildə Şarl de Qol liderliyində qurulan 5-ci respublikanın davamı olduğunu bilirlər.

Fransada hər konstitusiya dəyişikliyi, yeni respublikanı ortaya çıxarıb və 1958-ci ildən bu yana Fransada 5-ci respublika sistemi hakimdir.

Bu baxımdan Türkiyə və Framsa arasında müqayisəli təhlil aparsaq, Atatürk də, Türkiyə Cümhuriyyəti timsalında ilk respublikanın qurucusu idisə, Rəcəb Tayyib Ərdoğanın etdiyi konstitusional dəyişikliklərlə, Türkiyədə defakto mövcud olan 2-ci respublikanın banisi olduğunu qəbul etməmiz lazımdır.

Başqa bir dillə desək, 1923-dən 2000-ci ilin əvvəllərinə qədər Türkiyədə mövcud olmuş, radikal dünyəvi və nihilist-hərbi respublika rejiminin, liberal dünyəvi və mühafizəkar respublika rejimiylə əvəzləndiyini görürük.

Buna görə də, Ərdoğanı sadəcə hökümət rəhbəri, partiya lideri kimi dəyərləndirmək doğru deyil, o, həm də, “Yeni Türkiyə” adlanan, neo-konservatist respublika sisteminin banisidir.

30 illik totalitar CHP hakimiyyətindən sonra Adnan Menderes liderliyində başlayan, Turgut Özal və Necmeddin Erbakan ilə daha da kütləviləşən, modern türk xalqını öz çoxəsrlik dövlətçilik tarixiylə bağlarını birləşdirən, milli və mənəvi dəyərləri ehtiva etməklə yanaşı, milli kimlik məsələsini ön plana çıxararaq, cəmiyyətin bütün təbəqələrini əhatə edən neo konservativ bir ideologiyanın, Ərdoğan liderliyində institutlaşaraq respublika sisteminə çevrildiyinin şahidi olmaqdayıq.

Bu gün, türk xalqının böyük əksəriyyətinin, hansı siyasi ideologiyaya sahib olmasından asılı olmayaraq, CHP hakimiyyəti dövründə aşılanan nihilist və anti-Osmanlı təbliğatını qıraraq, öz dövlətçilik tarixinə və bu tarixin ona qoyduğu milli, mənəvi və dövlətçilik mirasına sahib çıxdığını görməkdəyik.

Türkiyə Cümhuriyyətinin türk tarixində ilk dövlət yox, ilk respublika olduğunu qarışdırmadan, varisçilik instutunu formalaşdıraraq, regional və qlobal mənada iddiaçı tərəfə çevrilmənin, türk xalqının özünə güvəni bərpası və güclü türk dövlətçiliyi baxımından olduqca vacibdir.

Bu gün, Türkiyə müxalifətinin və dünyanın Türkiyə ilə bağlı üzləşməli və qəbul etməli olduğu ən əsas reallıq da budur.

Türk cəmiyyəti, onu var edən dinamiklərə döndükcə, təməl daşlarına sarıldıqca daha da inkişaf edir və güclənir.

Türkiyə xalqı, mühafizəkar topluluqdur, hər hansı avtoritar və totalitar rejimlə bunun qarşısını almaq cəhdləri əbəsdir, türk toplumunu öz milli kimliyindən uzaqlaşdırmaq mümkünsüzdür.

Necə ki, Azərbaycan xalqını 70 illik kommunist-ateist, totalitar SSRİ rejimi öz milli bağlarından qopara bilmədi, bunun bənzəri Türkiyə xalqı üçün keçərlidir.

Bu coğrafiyada, dini və milli həssasiyyətlərə yer verən ideologiyalar hər zaman güclü olacaq.

Bu aspektdən məsələni bir daha dəyərləndirəsi olsaq, Ərdoğanın qurucu lideri olduğu bu ideologiyanın davamçıları, 1 -2 əsr sonra da olacaq vər hər seçkidə 30-40 faizə qədər səs alma potensialları olacaq.

Ərdoğan Türkiyənin və çoxminillik türk tarixinə öz adını artıq yazdırıb, 21-ci əsrə öz damğasını vuran türk lideri və dövlət adamı kimi, hər zaman anılacaq.

Elnur Məcidli