Portuqaliyada sol hökumət hazırladığı qanun layihəsi ilə siqaretə və siqaret satışına qarşı yeni qadağalar tətbiq etməyi, o cümlədən siqaret satış maşınlarının ləğvini planlaşdırır.
Elchi.az xəbər verir ki, Qanun layihəsinə görə, bu ildən məktəb, universitet və xəstəxana kimi ictimai binaların yaxınlığındakı açıq yerlərdə siqaret çəkmək qadağan olunacaq 2025-ci ildən etibarən isə bar, restoran, hava limanı, konsert salonu, yarmarka və sərgi meydançaları kimi yerlərdə isə siqaret satan maşınlar yığışdırılacaq.
Nazirlər Kabinetində qəbul edilərək parlamentə göndərilən “Tütün haqqında” qanuna dəyişiklikləri ehtiva edən layihənin məqsədinin “ictimai sağlamlığın təşviqi” olduğunu bildirən hökumət rəsmiləri “Tütün haqqında” qanuna dəyişikliklə bağlı lazımi tədbirlərin görüləcəyini vurğulayıblar.
Səhiyyə Nazirliyinin Sağlamlığın Təşviqi Agentliyinin dövlət katibi Marqarida Tavares mətbuata açıqlamasında “2040-cı ilə qədər siqaretsiz nəsil yaratmaq istəyirik və bunun mümkün olduğuna həqiqətən inanırıq” deyib.
Tavares siqaret qadağasının həbsxanalar kimi bəzi yerləri əhatə etməyəcəyini bildirib.
Qanun layihəsinin qısa müddət ərzində parlamentdə müzakirəyə çıxarılaraq qəbul ediləcəyi və oktyabrın 23-də qüvvəyə minəcəyi gözlənilir.
Portuqaliyada 2007-ci ildə qüvvəyə minən Tütün Qanunundan sonra ölkədə siqaret çəkənlərin sayında ciddi azalma olduğu bildirilir.
Porto Universitetinin İctimai Sağlamlıq İnstitutunun dərc etdiyi araşdırmaya görə, ölkədə 13 yaşlı uşaqlar arasında siqaret çəkməyə cəhd nisbəti 2003-cü ildəki 19,9 faizdən 2018-ci ildə 3,9 faizə düşüb. Digər tərəfdən, Portuqaliyada 2006-cı ildə yüzdə 20,9 olan siqaret çəkmə nisbəti 2019-cu ildə yüzdə 19-a düşüb.
Şayəstə Hüseynova