Ermənistanın müdafiə naziri Seyran Ohanyan təxminən bir ay əvvəl Serj Sarkisyan və Robert Köçəryanın baş tutan görüşündə əsas müzakirə mövzusu olub. Bunu Ermənistanın “Haykakan Jamanak” qəzeti yazıb (anspress).
Yazıda deyilir ki, Sarkisyan Köçəryana 2018-ci ildə Ermənistan prezidentliyinə əsas namizədin Seyran Ohanyan olacağını söyləyib. Sarkisyan Ohanyanın prezident seçilməsinin onun üçün də sərfəli olduğunu çatdırıb.
Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” liderlərinin görüşündə əslən şuşalı bir nəfərin namizəd kimi təsdiqlənməsinin heç də təsadüfi olmadığı bildirilir. Belə ki, bu klan hakimiyyəti “öz adamı”na ötürməklə Qarabağ problemini bir az da uzatmağı planlaşdırır.
Ordu və güc strukturlara nəzarət edən və Qarabağda dinc sakinlərin qırğınlarının əsas təşkilatçısı və icraçılarından olan Seyran Ohanyanı hakimiyyətə gətirməklə Sarkisyan özü üçün də təhlükəsiz şərait qurmağa çalışır. Ancaq yerli ermənilərin “Qarabağ klanı”na nifrəti fonunda Sarkisyanın varis planının iflas olacağını düşünmək olar.