Saakaşvili məhkəmə iclası zamanı huşunu itirib

43


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin “Vivamed” özəl klinikasında keçirilən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib.

Bu barədə çərşənbə günü jurnalistlərə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat verib.

“Bu gün bizə məlum oldu ki, prezident Saakaşvili dünən prokurorluğun nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək təzyiq nəticəsində huşunu itirib”, – vəkil bildirib.

Danqelonun sözlərinə görə, çərşənbə günü Saakaşvili amerikalı nevroloq tərəfindən yoxlanılıb və həkim, çox kədərli və narahatedici mənzərə ilə rastlaşıb. “Əlbəttə, hələlik detallar barədə danışa bilmərik, lakin hazırda qeyd edə bilərik ki, cənab Saakaşvilinin səhhəti xeyli pisləşib”, – vəkil əlavə edib.

Saakaşvilinin xəstəxanada məhkəməsi çərşənbə axşamı keçirilib. Prokuror Levan Vepxvadzenin məhkəmə prosesi başa çatdıqdan sonra dediyi kimi, müttəhim ifadə verməkdən imtina edib. Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər. Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.