Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik

39

Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik yaşanıb. Buna səbəb Ukraynanın Astanadakı səfirinin sözləri olub.

Elchi.az xəbər verir ki, gərginlik Ukrayna səfirinin avqustda Astanada dediyi “qatil ruslar” ilə bağlı sözlərindən sonra yaranıb. Rəsmi Moskva Ukrayna səfirinin ölkədən birdəfəlik geri göndəriləcəyinə ümid edirdi. Çox güman ki, Rusiya tələb etdiyi qədər tez olmasa da, bu baş verəcək. Qazaxıstan rəhbərliyi səfiri arzuolunmaz şəxs siyahısına daxil edib. Lakin bəyanata əsasən səfir Astananı onun yerinə başqa diplomat gəldikdən sonra tərk edəcək.

Lakin Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik oktyabrın 4-də yenidən kəskinləşib. Bu gün Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “mümkün qədər çox rusu öldürmək üçün qeyri-insani ictimai çağırışları ilə seçilən” Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevskinin Astanadan hələ də qovulmamasından qəzəbləndiyini bildirib.

Zaxarova açıqlamasında “Çox təəssüf edirəm ki, bu faşist nümayəndəsinin Astanaya heç vaxt qayıtmayacağına dair verilən vədlər yerinə yetirilməyib. O, hətta açıq şəkildə diplomatik nümayəndəliyin rəhbəri kimi diplomatik qəbullarda iştirak edir”- ifadələrini işlədib.

Xatırladaq ki, vəziyyətlə əlaqədar Qazaxıstanın Moskvadakı səfiri Yermek Koşerbayev də administrasiyaya çağrılıb.