Papa Fransisk Ukrayna və Yaxın Şərqdə sülh üçün dua edib, həmçinin radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımın verilməsinə çağırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Vatikanda ümumi auditoriyanın sonunda bildirib.
“Fikirlərimi Fələstin və İsraildəki çətin vəziyyətə yönəldirəm. Mən girovların azad edilməsinə və Qəzzaya humanitar yardım üçün çıxışın açılmasına çağırıram. Mən Yaxın Şərqdə, Ukraynada və müharibənin getdiyi bütün bölgələrdə sülh üçün dua etməyə davam edirəm”, – deyə o bildirib.
Papa oktyabrın 27-də Müqəddəs Pyotr Bazilikasında hər kəsi sülh duasına qoşulmağa dəvət edib və möminləri bu günü oruc tutmağa, tövbəyə və sülh duasına həsr etməyə çağırıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Roma Papası Fransisklə telefon danışığı aparıb. Söhbət zamanı amerikalı lider və pontifik Qəzza zolağına humanitar yardımın çatdırılması, eləcə də regionda eskalasiyanın qarşısının alınması zərurətini müzakirə ediblər.
Havar Şəfiyeva