Quterreş Rusiyanın Dneprə hücumunu PİSLƏYİB

34

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə raket hücumunu qətiyyətlə pisləyib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, BMT Baş katibinin sözçüsü Stefani Tremblay verdiyi açıqlamada, Quterreşin ən azı 40 nəfərin ölümü, çoxlu sayda insanın yaralanması və onlarla itkilərin düşməsinə səbəb olan raket hücumunu qətiyyətlə pislədiyini söyləyib.

Tremblayın sözlərinə görə, Quterreş mülki şəxslərə və mülki strukturlara hücumların beynəlxalq humanitar hüququ pozduğunu bildirib.

Quterreşin sözügedən hücumlara ən qısa zamanda son qoyulması lazım olduğunu vurğuladığını bildirən Tremblay, BMT baş katibinin Dnepr hücumunda həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini və yaralıların tezliklə sağalmasını arzuladığını bildirib.

Xatırldaq ki, yanvarın 14-də Rusiya ordusunun Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına həyata keçirdiyi raket hücumunda aralarında uşaqların da olduğu 40 dinc sakin həyatını itirib, 75-i yaralanıb.

Hücumdan sonra Dneprdə üç günlük matəm elan edilib.

Kreml ittihamları rədd edib

Kremlin sözçüsü Dmitri Peskov Dneprdəki raket hücumu ilə bağlı ittihamları rədd edərək qeyd edib:

“Rusiya ordusu yaşayış binalarına və sosial infrastruktur obyektlərinə hücum etmir”.

Yeganə