Qırğızıstan: Özbəkistanla sərhəd müqaviləsi bütün regionun maraqlarına cavab verir

29

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev deyib ki, Qırğızıstan və Özbəkistan arasında imzalanan sərhəd sazişi bütün regionun maraqlarına cavab verir.

Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kulubayev, dövlət radiosunda iştirak etdiyi proqramda Özbəkistanla sərhəddə 30 ildir davam edən danışıqlara son qoyduqlarını bildirib.

İki ölkə arasında imzalanan sərhəd müqaviləsinin bütün regionun maraqlarına cavab verdiyini vurğulayan Kulubayev Qırğızıstan və Özbəkistanın əldə etdiyi sərhəd razılaşmasının Rusiya, Qazaxıstan və Avropa ölkələri tərəfindən çox yaxşı qarşılandığını bildirib.

Kulubayev qeyd edib ki, yaxın vaxtlarda iki ölkə arasında sərhəd sazişi ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsi aparılacaq.

Qırğızıstan-Özbəkistan sərhədinin müəyyən edilməsinə dair razılaşmaya əsasən, Özbəkistan Qırğızıstana 19 min 699 hektar torpaq verəcək. Əndican bəndinin birgə idarə edilməsinə dair müqaviləyə əsasən, bəndin yerləşdiyi 4485 hektar ərazi Özbəkistana qalacaq.

Özbəkistan qırğızların su ehtiyatlarına pulsuz və maneəsiz çıxışını təmin edəcək və su ehtiyatları üzərində əlavə tikililər tikməyəcək.

Xatırladaq ki, Özbəkistanla Qırğızıstan arasında 1379 kilometrlik ümumi sərhəd var. Tərəflər uzun illər sərhədin 200 kilometrlik hissəsi ilə bağlı razılığa gələ bilmirdilər.

Digər tərəfdən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin gələn həftə paytaxt Bişkekə səfəri gözlənilir.

Yeganə