Kanadalı jurnalist: “Azərbaycanda antisemitizmin olmaması unikal fenomendir”

60

“Azərbaycana səfər məndə böyük təəssürat yaratdı. Biz bir qrup jurnalist və yazıçı Qırmızıkənd qəsəbəsinə səfər edərək burada yaşayan dağ yəhudilərinin adət-ənənələri və mədəniyyəti ilə yaxından tanış olduq. Müsəlman ölkəsində yəhudilərin mədəni irsinin qorunub saxlandığı bir yaşayış məntəqəsinin olması sadəcə təəccüblüdür”.
Elchi.az xəbər verir ki, bunu kanadalı yazıçı, redaktor, The Times of Israel qəzetinin köşə yazarı Robert Sarner STMEGI müxbirinə müsahibəsində deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində onlar Gəncə, Quba, eləcə də Azərbaycanın işğaldan azad edilmiş rayonlarında olublar.
“Səfər Azərbaycanlı Kanadalılar Şəbəkəsinin (Kanada Azərbaycanlıları Şəbəkəsi) dəstəyi ilə təşkil olunub. Proqramımız iki hissədən ibarət idi. Birincisi, Azərbaycanla, Ermənistan-Azərbaycan münaqişəsi ilə ümumi tanışlıqdır. İkinci hissə isə Azərbaycanın yəhudi icması ilə tanışlıqdır. Səfər bizə Azərbaycan haqqında, ölkədəki yəhudilərin həyatı haqqında daha çox məlumat əldə etməyə imkan verdi.
Azərbaycana səfərimiz çərçivəsində bir çox maraqlı yerləri gəzdik. “Krasnaya Sloboda”nı bəyəndim. İndi Azərbaycanda yəhudilərin həyatı haqqında geniş məlumatım var. Ölkəni, insanları anlamaq üçün təbii ki, ora baş çəkmək lazımdır. Deyirlər ki, Azərbaycan dünyada əsl tolerantlıq modeli kimi tanınır, amma bunu həmişə öz gözlərinizlə görmək daha yaxşıdır. Müxtəlif xalqların nümayəndələrinin dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadığı bu gözəl ölkəyə səfər etməklə biz buna həqiqətən də əmin olduq”, – deyə R.Sarner bildirib.
Kanadalı yazıçı Torontoya qayıtdıqdan sonra Azərbaycan və müsəlman ölkəsində yəhudilərin həyatı haqqında bir neçə məqalə yazacağını bildirib.
“Düzünü desəm, məni ən çox yəhudilərin bu gün Azərbaycanda necə yaşadığı, onların Azərbaycan cəmiyyətinə, ölkənin ictimai-siyasi həyatına necə inteqrasiyası maraqlandırırdı. Ölkədə antisemitizm ümumiyyətlə yoxdur. Bunu dərk etmək mənim üçün çətindir, çünki mən Azərbaycanda yaşamıram. Dünyanın bir çox yerində olduğum yerlərdə antisemitizm haqqında tez-tez eşidirəm. Amma Azərbaycana gələndə hamı deyir ki, burada bu fenomen yoxdur. Yəhudi əhalisini dəstəklədiyinə görə ölkə hökumətinə minnətdaram”, R.Sarner bildirib.

Şayəstə