Elchi.az xəbər verir ki, HƏMAS tərəfindən əsir götürülənlərin yaxınları İsrailin paytaxtı Təl-Əvivdə etiraz nümayişi keçirərək, “Uşaqlarımızı evə gətirin” kimi şüarlar səsləndiriblər.
İsrail-Həmas qarşıdurması 16-cı gününə qədəm qoyub. İsrailin Qəzza zolağına qarşı hava hücumları davam edərkən, HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əqsa tufanı əməliyyatında çox sayda İsrail vətəndaşı Qəzzaya qaçırılaraq əsir götürülüb. İsrailli məhbusların ailələri və onlara dəstək olmaq istəyən yüzlərlə insan Təl-Əvivdə etiraz aksiyası keçirib.
İsrail Müdafiə Nazirliyinin binası qarşısına toplaşan yüzlərlə israilli əsir və xəbərsiz qohumlarının şəkillərini divarlara asıb, “Uşaqlarımızı evə gətirin” kimi şüarlar səsləndiriblər.
Hadisədə baş nazir Benyamin Netanyahunu günahlandıran etirazçılar əllərindəki pankart və şüarlarla onu istefaya çağırıblar.
Şayəstə Hüseynova