İspaniyada meşə yanğınları davam edir

111

İspaniyanın qərbindəki Kaseres şəhərinin şimalındakı Las Hurdes və Sierra de Qata dağlıq bölgələrində iki gündür davam edən meşə yanğınları səbəbindən 700-dən çox insanın təxliyə edildiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə,meşə yanğının 2 min 500 hektar ərazini əhatə etdiyi bildirilib.
Hələlik nəzarət altına alına bilməyən yanğın yaxınlıqdakı 3 yaşayış məntəqəsinə ziyan vurub və 700-dən çox insan ehtiyat tədbiri olaraq evlərindən təxliyə edilib. Onların bir qisminin Kaseresin Moraleja rayonundakı idman salonlarına yerləşdirildiyi, bəzilərinin isə yaxınları tərəfindən qonaq edildiyi qeyd edilib.
Digər tərəfdən yanğın söndürmə işlərində 165-i əsgər, 265-i yanğınsöndürən olmaqla 500-ə yaxın adamın iştirak etdiyi, 14 təyyarə və helikopterin də yanğının söndürülməsinə dəstək verdiyi açıqlanıb.
İsti hava və küləyin təsiri ilə yayılan və 2-ci dərəcəli təhlükə siqnalı verilən yanğınla əlaqədar bəzi yolların hərəkətə bağlandığı açıqlanıb.
2022-ci ildə İspaniya meşə yanğınlarında tarixinin ən pis illərindən birini yaşadı və ümumilikdə 310 min hektardan çox ərazi yanıb.
Bu ilin əvvəlindən başlayan meşə yanğınları səbəbindən mart ayından bəri 40 min hektardan çox ərazi külə dönüb.

Nuranə Məmmədova