“İranın taleyini Azərbaycan türkləri həll edəcək”-Politoloq

75

“Azərbaycan dövləti müasir tarixinin əsl dövlət kimi dünya dövlətləri arasında yer alması dövrünə daxil olur. Azərbaycan bu günə kimi istər ətraf, istərsə də beynəlxalq səviyyədə heç bir dövlətlə konfliktə daxil olmama yolunu tutmuşdu. Artıq elə dövr başlanır ki, istəsək də bu, mümkün olmayacaq. Azərbaycan öz maraqları naminə neytral ölkə durumundan çıxıb, rəqibləri, hətta açıq düşmənləri olan ölkə durumuna keçəcək”.

Bu fikirləri Elchi.az-açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan bu durumda çox güclü olmağa məcburdur:

“Artıq elə siyasət yürüdülməlidir ki, heç kimin qarşısında əzilməyək. Cəbhədə əldə olunan uğurların davamının siyasi arenada möhkəmləndirilməsi daha çətin olacaq və professional addımlar tələb edəcək. Artıq qarşımızda açıq şəkildə Ermənistan yox, onun havadarları İran və Fransa, onların arxasında isə Rusiya var. Onlarla apardığımız gizli mübarizə açıq müstəviyə çıxır.
Siyasi mübarizə güclü müttəfiqlər və hesablanmış addımlar, bəzən də, qərar qəbul edərkən siyasi iradə tələb edir. Bu baxımdan, Azərbaycan dövləti müasir tarixinin həlledici dövrünə daxil olur. Bu dövrdən Azərbaycanın güclü və böyük çıxmaq imkanı var.
Azərbaycana edilən siyasi və hərbi təzyiqlər bizi qorxutmaq üçün edilir. Gerçəkdə isə heç bir real dayaqları yoxdur. Azərbaycanın əks həmlələri qarşısında istər region, istərsə də beynəlxalq səviyyədə çox böyük dəyişikliklər baş verə bilər. Bu, Azərbaycanın əlində olan ən güclü silahıdır. Regionun və dünya siyasi arenasının taleyi müəyyən mənada Azərbaycandan asılıdır. Tək onu deyim ki, İranın taleyini Azərbaycan türkləri həll edəcək. Bunun nəticəsi isə Fransa daxil, Yaxın və Orta Şərqin deosiyasətinə təsir edəcək ki, bu da digər dəyişikliklərin tətikləyicisi olacaq”.