AZAL-dan işdən çıxarılan ikinci qrup əlil rəhbərlikdən kömək istəyir
“Mənim qanunvericiliklə müəyyən olunmuş hüquqlarım ”Azərbaycan Hava Yolları” QSC-də pozulub. Ali təhsilliyəm, iki diplomum var. 2006-cı ildən AZAL-da şöbə rəisinin müavini vəzifəsində çalışmışam. 2008-ci ildə tutduğum vəzifə ixtisar edildi. O vaxtdan bu günə qədər işsizəm. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də müsbət bir nəticəsi olmadı”.
Bu sözləri redaksiyamıza müraciət edən Bakı şəhər sakini Bəxtiyar Səfərəliyev deyib. Şikayətçi AZAL-da ixtisasına uyğun olaraq yenidən işlə təmin olunmasını tələb edir: “İkinci qrup gözdən əliləm. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2010-cu ildə Milli Aviasiya Akademiyasını bitirmişəm. 2003-cü ilin aprel ayında AZAL Milli Aviasiya Şirkətində aviadaşımalara xidmətin təşkilinə nəzarət üzrə agent vəzifəsinə işə qəbul edilmişəm. 2005-ci ilin fevral ayında şirkətin iddialar və baqaj axtarışı şöbəsində inspektor vəzifəsinə, həmin ilin dekabr ayında bu şöbədə böyük inspektor, 2006-cı ilin avqust ayında isə rəis müavini vəzifəsinə təyin edilmişəm.
Lakin 2008-ci ilin noyabr ayında tutduğum vəzifənin ixtisara düşməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv olunacağı barədə mənə xəbərdarlıq edildi. Xəbərdarlığı aldıqdan dərhal sonra ”Azərbaycan Hava Yolları” QSC-nın prezidenti Cahangir Əsgərova yazılı müraciət edərək, himayəmdə azyaşlı övladımın və həyat yoldaşımın analıq məzuniyyətində olmasını, habelə atamın ağır cərrahi əməliyyat keçirdiyindən işləmək iqtidarında olmadığını, anamın isə təqaüdçü olmasının nəzərə alınaraq işlə təmin olunmağımı xahiş etdim. Müraciətimə verilmiş 28 noyabr 2008-ci il tarixli cavab məktubunda hazırda QSC-də struktur dəyişiklikləri aparıldığından münasib iş təklif etmək imkanının olmadığı, həmçinin ərizəmin nəzarətdə saxlanılacağı, aparılan struktur dəyişiklikləri başa çatdıqdan sonra ərizəyə yenidən baxılaraq bu barədə mənə əlavə məlumat veriləcəyi bildirilirdi.
Lakin “Azərbaycan Hava Yolları” QSC-nın birinci vitse-prezidenti Sabir İlyasovun imzası ilə mənə ünvanlanan 16 yanvar 2009-cu il tarixli məktubda artıq QSC-də struktur dəyişiklikləri aparıldığından və ştatların ixtisarı ilə əlaqədar xahişimin yerinə yetirilməsinin imkan xaricində olduğu bildirilirdi. “Azərbaycan Hava Yolları” QSC-yə dəfələrlə yazılı və şifahi müraciətlər etdikdən sonra 2010-cu ilin sentyabr ayında Yük Aviasiya Şirkətində dispetçer vəzifəsinə işə qəbul edildim. Lakin burada işə başladıqdan iki ay sonra mənimlə bağlanmış əmək müqaviləsinə razılığım olmadan, işəgötürən tərəfindən birtərəfli qaydada dəyişikliyin və əlavələrin edilməsi (beşgünlük iş rejiminin növbəli iş rejimi ilə əvəz edilməsi və bu zaman heç bir əlavə əmək haqqının ödənilməməsi; avtomobil idarə edə bilmədiyim halda perronda xidməti avtomobilin idarə edilməsi tələbi və s.) 2011-ci ilin aprel ayında mənim işdən azad olunmağımla nəticələndi. 2013-cü ilin iyun ayında işə qəbul edilmək üçün “Azərbaycan Hava Yollan” QSC-nin İnsan resurslan və sosial təminat şöbəsinə müraciət etmişəm.
Orada şöbənin rəisi Çingiz Əliyev hazırda boş vakansiyanın olmadığını bildirdi və məndən işə qəbulla əlaqədar müvafiq sənədlərin surətlərini götürdü. Lakin aradan bir müddət keçdikdən sonra o, gözləmədiyim halda mənimlə ən azı tutduğu vəzifəyə yaraşmayan tərzdə davranaraq, kabinetindən qovdu. Sonra mən işə qəbul edilməyimə köməklik göstərməsi üçün “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Nazim Cavadova müraciət etdim. Nazim müəllim kömək edəcəyini bildirsə də, bir necə gündən sonra mənə başqa yerdə iş axtarmağı məsləhət gördü. Səbəbini soruşduqda isə dedi ki, guya mən əvvəllər AZAL Milli Aviasiya Şirkətinin direktor müavini işləmiş Xankişi Axundova qarşı münasibətdə kobud rəftar etmişəm. Görünür ki, “Azərbaycan Hava Yollan” QSC-də kim isə mənim barəmdə həqiqətə uyğun olmayan şər və böhtan xarakterli məlumatlar yaymaqla məşğuldur.
Son bir il ərzində işə qəbul edilməyim üçün “Azərbaycan Hava Yolları” QSC-yə dəfələrlə yazılı və şifahi müraciətlər etməyimə baxmayaraq, hələ də işlə təmin edilməmişəm”.
Şikayətçi AZAL-ın rəhbərliyinə qəzetimiz vasitəsilə müraciət ünvanlayaraq ailə vəziyyətinin nəzərə alınaraq yenidən işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdi.
Günel MANAFLI