Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ramazan bayramı münasibətilə ölkədə yaşayan müsəlmanlarla görüşüb.
APA-nın məlumatına görə, iftar süfrəsində baş tutan görüşdə İ. Qaribaşvili müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
“Ölkəmizdə müxtəlif dinlər fəaliyyət göstərir və bu, bizim sərvətimizdir. Bizim bir vətənimiz var. Bir-birimizdən ayrı mövcud ola bilmərik, çünki həyatımız bir-birinə bağlıdır. Gürcüstanda yaşayan müsəlmanlar nəinki dövlətimizin ayrılmaz hissəsidir, eyni zamanda İslam dünyası ilə olan körpüdür. Bu, böyük əhəmiyyət kəsb edir”, – deyə o vurğulayıb.
Görüşdə Dini məsələlər üzrə dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin rəhbəri şeyx Ramin İgidov, baş müfti Cemal Paksadze, müfti Yasin Əliyev və başqaları çıxış edərək Ramazan bayramı münasibətilə göstərilən diqqətə görə baş nazirə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, dindarlar, dövlət idarə və müəssisələrində çalışan azərbaycanlı gənclər iştirak edib.