Fransanın müdafiə naziri Sebastyan Lekornu rəsmi səfərə gəldiyi Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyan və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə Fransanın qısa, orta və uzun mənzilli yardıma hazır olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Ermənistan hökumətinin “Youtube” səhifəsində canlı yayımlanan görüşdə baş nazir Nikol Paşinyan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə toxunub.
Paşinyan bəyan edib ki, Lekornunun səfəri Fransa müdafiə nazirinin ilk səfəridir və Fransa Ermənistanın müdafiə və təhlükəsizlik oriyentasiyasının şaxələndirilməsi qərarının bir hissəsi olaraq müsbət cavab verən ilk ölkələrdən biridir.
Tərəflər həmçinin Ermənistan ordusunda islahatlar, hərbi təlim, döyüş hazırlığı və digər sahələrdə Ermənistan-Fransa əməkdaşlığını müzakirə ediblər.
Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, Fransa naziri Lekornu ilə müdafiə naziri Papikyan arasında da təmaslar olub.
Görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilib, müdafiə və təhlükəsizlik sahəsində sazişlər imzalanıb.
Nuranə Məmmədova