“Əcəmi” estetik klinikasının yanından keçib iş yerimə tərəf gedirdim ki, adımın tanış bir səs tərəfindən çağırıldığını eşitdim:
– Ay Azər! Ayə böyümüsən, salam vermədən keçirsən?
Geri çevrilib uzaq qohumlarımdan birini gördüm. Doğrusu, uzaqdan yaxşı seçmədim. Diqqətlə baxanda tanıdım. Çoxdandır görüşmürdük bu qohumumla. Gödəkboylu, iri, əyri burunlu, qısıq boyunlu, başının ortası keçəlləşmiş, 50-55 yaşlarında bir kişi idi. İndi isə tamam dəyişmişdi. Bir vaxtlar tay-tuşlarının lağla yarımçıq soyulmuş kartofa bənzətdiyi başına tük əkdirmiş, Qutan dimdiyinə bənzəyən burnunu kəsdirmişdi.
Bu qohumumun evində həftədə bir dəfə dava düşürdü. Bütün davalar da əsasən eyni səbəbdən olurdu. Kişi gəlib özündən 24 yaş kiçik arvadına deyirdi ki, bəs dükana bir qadın gəlmişdi, az qalırdı ağzımın içinə girə. Xanımı da qara-qışqırıq salırdı ki, sən düz adamsansa, niyə ona üz verirdin, ümumiyyətlə, elə müştəriləri dükana niyə buraxırsan?
Əvvəl-əvvəl kişini normal adam saymırdım. Düşünürdüm ki, ağlı başında olan insan niyə heç nədən hər həftə evində dava salsın. Əgər doğrudanda belə hadisələr olursa və buna görə xanımın dəli danaya dönüb ev-eşiyi bir-birinə qatırsa, niyə gəlib evdə danışırsan? Olmayıbsa da belə, duzsuz əhvalatı uydurub özünü mazata mindirməkdə məqsədin nədir? Açığı həmin qohuma çox acığım tuturdu.
İndi də qohumumun estetik əməliyyat etdirdiyini görəndən sonra onun başdanxarab olması barədə qənaətlərim lap qətiləşdi. Doğrusu, bu yaşda kişi xeylağının estetik əməliyyat etdirməsinə normal baxmıram. Adama deyərlər, aktyor deyilsən, müğənni deyilsən, sənin nəyinə lazımdır, oranı, buranı kəsdirmək?
Elə sualı anormal saydığım qohumuma vermək istəyirdim ki, həyat yoldaşının da klinikadan çıxdığını gördüm. Qadın məni görüb özünü itirdi. Zorla gülümsəyə-gülümsəyə dedi:
– Salam, Azər qardaş. Klinika sahibinin Adəmə borcu vardı. Neçə ildir pulu qaytarmırdı. Biz də dedik əvəzində Adəmə saç əkdirək…
Arvadın sözünü qeyri-ixtiyari kəsərək “Özün öz əlinlə kişini gözəlləşdirirsən, sonra da başqa arvadlar girişəndə dava salırsan” deyə zarafat etmək istədim.
Yersiz zarafatımın xanımın xoşuna gəlmədiyi aydın idi. Sifəti yanmış dəmir rənginə dönmdü, qaşlarının ortası düyünləndi. Adəmə elə tərs nəzərlərlə baxdı ki, mən qorxdum. Adəmin isə dünya vecinə deyildi. Zarafatım ləzzət eləmişdi. Bu dəfə qınamadım onu. Cavan arvadın yanında qoca görünməyi kim xoşlayar ki?..
Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…
Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...