İngiltərə mətbuatı İngiltərə Müdafiə Nazirliyinə məxsus sistemin kiberhücuma məruz qaldığını yazıb.
Elchi.az xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, haker hücumu nəticəsində vəzifə yerinə yetirən hərbçilərin şəxsi məlumatları ilə bağlı əhəmiyyətli məlumat pozuntusu baş verib.
Silahlı qüvvələrin bəzi hazırkı və keçmiş üzvlərinin adlarını və bank məlumatlarını əks etdirən əmək haqqı sisteminə icazəsiz giriş əldə edilib və məlumatlar açıqlanıb.
Hadisədən sonra Müdafiə Nazirliyi dərhal tədbir görüb və araşdırmalar davam edərkən sistem sıradan çıxarılıb. Əldə edilən məlumatların nə üçün istifadə oluna biləcəyi məlum deyil.
Britaniya hökuməti hücumun arxasında kimin olduğunu açıqlamayıb.
Bu arada, Böyük Britaniya parlamentariləri Müdafiə Nazirliyinə aid olan və xidmət personalını hədəf alan sözügedən məlumat pozuntusu barədə məlumatlandırılacaqlar.
Nuranə Məmmədova