Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell israilli köçkünlərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı terror aktlarının davam etdiyini və Ramazan ayında vəziyyətin daha da pisləşə biləcəyini bildirib və Avropa İttifaqına üzv dövlətləri bu məskunlaşanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə açıqlama verən Borrell görüşün iki əsas gündəminin Ukrayna və Fələstindəki son vəziyyət olacağını qeyd edib.
Fevralın 16-da Rusiyada həbsxanada dünyasını dəyişən müxalifətçi Aleksey Navalnının həyat yoldaşının görüşə fiziki olaraq qatılacağını bildirən Borrel Rusiyaya sərt mesaj veriləcəyini vurğulayıb.
Aİ-nin insan haqları ilə bağlı tətbiq etdiyi sanksiyaların “Aleksey Navalnı İnsan Haqları Sanksiya Rejimi” adlandırılacağını açıqlayan Borrell bu çərçivədə Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyini bildirib.
Şayəstə Hüseynova