ABŞ prezidenti Co Baydenin Strateji Neft Ehtiyatı üzərində səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə veto qoyacağı bildirilir.
Elchi.az bildirir ki, Ağ Evdən verilən açıqlamada, Baydenin ona təqdim ediləcəyi təqdirdə ABŞ-ın Strateji Neft Ehtiyatından neft satma səlahiyyətini məhdudlaşdıran qanun layihəsinə veto qoyacağı bildirilib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre mətbuata açıqlamasında qanun layihəsinin respublikaçıların ekstremist siyasətlərinin bir hissəsi olduğunu deyib. O, qanun layihəsinin işləyən ailələri maliyyə çətinliyi ilə üz-üzə qoyacağını, yalnız varlı vergi ödəyicilərinə və böyük korporasiyalara fayda gətirəcəyini və ABŞ-ın maliyyə kəsirini daraldacağını bildirib.
Rusiya-Ukrayna müharibəsinə toxunan Jean-Pierre, qanun layihəsinin ABŞ-ın enerji təhlükəsizliyini daha da təhlükə altına alacağını və enerji çatışmazlığına səbəb olacağını bildirərək, əlavə etdi ki, qanun layihəsi ölkənin neft hasil etmək qabiliyyətinə mane olur.
ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib ki, qanun prezidentin fövqəladə hallara cavab verməsi üçün lazım olan səlahiyyətləri məhdudlaşdıracaq.
Qranholm “Demokratik və ya Respublikaçı bir prezidentin vəzifədə olub-olmaması məni maraqlandırmır, niyə ölkənin fövqəladə hallara cavab vermək qabiliyyətinə və bu fövqəladə hallar nəticəsində xərcləri azaltmaq qabiliyyətimizə mane olursunuz?”,-deyə vurğulayıb.
Senatın bu vəziyyətin əhəmiyyətini bilərək hərəkət etməsi lazım olduğunu ifadə edən Qranholm, Baydenin Rusiya-Ukrayna müharibəsi səbəbiylə artan qaz qiymətlərini azaltmaq üçün ABŞ-ın Strateji Neft Ehtiyatından istifadə etdikdən sonra onu yenidən doldura biləcəyinə inandığını da dedi.
Xatırladaq ki, Bayden Rusiyanın Ukraynada başladığı müharibədən sonra ABŞ-da benzin qiymətlərinin sürətlə artması fonunda 2022-ci ilin martında ölkənin strateji neft ehtiyatlarından 180 milyon bareldən çox neftin buraxılmasına icazə verib.
Yeganə