BAXCP-dən Zəfər Günü təbriki

56

Qüdrət Həsənquliyev: “Şübhə etmirəm ki, ölkəmizin bütün əraziləri üzərində suveren hüquqlarımızı bərpa edəcək, üçrəngli bayrağımızı tarixi yurd yerlərimizin ən uca zirvələrində dalğalandırmağı bacaracağıq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:
“Əziz həmvətənlər,
2 il öncə Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü 30 ilə yaxın işğal altında olan torpaqlarımızın əhəmiyyətli hissəsinin azad olunmasıyla nəticələndi və Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, müqəddəs savaşa qalxan Azərbaycan xalqının qürur və şərəf tarixinə çevrildi.
Azərbaycan Ordusunun düşməni darmadağın etməsi, hərb tarixinə qızıl hərflərlə yazılan misilsiz qəhrəmanlıq nümunələri numayiş etdirməsi ad verdiyi, sahib olduğu, dövlətlər qurduğu torpaqlarda imperiyaların qanlı siyasəti nəticəsində parçalanmış Azərbaycan xalqını mənəvi baxımdan yenidən bütövləşdirdi, qan yaddaşını, milli ruhunu ayağa qaldırdı, Türk Dünyasında milli özünəqayıdış və özünüdərk prosesinin sürətlənməsinə və real məzmun almasına rəvac verdi.
Geridə qalan zaman kəsiyində Zəfərimizə, İstiqlalımıza, azad və müstəqil inkişafımıza qənim kəsilən bütün qüvvələrin basqısına baxmayaraq, milli birliyimizi, həmrəyliyimizi qorumaq məharətimiz, şər qüvvələrə qarşı vahid bir cəbhədə yer almaq bacarığımız, bu birlikdən güc alan dövlətimizin qətiyyətli mövqeyi bizi hər gün öz hədəflərimizə daha da yaxınlaşdırır.
Şübhə etmirəm ki, ölkəmizin bütün əraziləri üzərində suveren hüquqlarımızı bərpa edəcək, üçrəngli bayrağımızı tarixi yurd yerlərimizin ən uca zirvələrində dalğalandırmağı bacaracağıq.
Bizə Qələbənin sevincini, qürurunu bəxş edən əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin minnətdarlığımı bildirirəm.
Zəfər Günümüz mübarək olsun!
Tanrı Azərbaycanı qorusun!”