Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb

7

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artıb.

Qeyd edək ki, 2019-cu il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur.

Hazırda Azərbaycan nümayəndə heyəti Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Londonda keçirilən “Dünya Səyahət Bazarı” (“World Travel Market”) sərgisində iştirak edir.

4-6 noyabr tarixlərində keçirilən sərgidə Azərbaycan 12 turizm şirkəti ilə təmsil olunur.

Xatırladaq ki, 2018-ci ildə baş tutan “Dünya Səyahət Bazarı” sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.

Azərbaycan 2002-ci ildən etibarən “Dünya Səyahət Bazarı” sərgisində iştirak edir.

1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min iştirakçı və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.