Avropa İttifaqı anti-Rusiya sanksiyalarına münasibətini dəyişib

63

Avropa İttifaqı anti-Rusiya sanksiyalarına münasibətini dəyişib. Elchi.az xəbər verir ki, bu barədə “Politico” materialında avropalı diplomatlara istinadən bildirilir.

“Brüssel diqqətini Rusiyaya qarşı yeni sanksiyaların qəbulundan artıq tətbiq edilmiş məhdudiyyətlərə əməl etməyə yönəldib. Yeni yanaşma, ilk növbədə, Rusiyaya qarşı yeni sanksiyalara yer qalmadığını iddia edən bütün Aİ ölkələrinin paytaxtlarının təzyiqi ilə bağlıdır”, – məqalədə deyilir.

Qəzetin yazdığına görə, Aİ-nin bir sıra ölkələrinin diplomatları hər hansı idxal mallarına qarşı sanksiyaların bloka Rusiyadan daha çox təsir edəcəyini iddia edirlər. Xüsusilə, gübrələrə, nadir torpaq metallarına, titan və uran çubuqlarına işarə ediblər.

Qeyd edilir ki, Aİ artıq gözləniləndən az təsir göstərən 10 anti-Rusiya sanksiya paketi qəbul edib. 2022-ci ildə Rusiyanın Avropa İttifaqına ixracının dəyərinin, əsasən, enerji və xammal qiymətlərinin artması səbəbindən əvvəlki illə müqayisədə artdığı vurğulanır.

Bundan əvvəl Avropa İttifaqı anti-Rusiya sanksiyalarının onuncu paketini təqdim edib. Məhdudiyyətlər Rusiya mediasının işinə təsir edib, bundan əlavə, tədbirlər Rusiyanın fiziki və hüquqi şəxslərinə də təsir edib.

Havar Şəfiyeva