Artım bu qədər insana şamil olundu

51

Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artırılıb.
Bu barədə Elchi.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Belə ki, Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur.
Yeni Sərəncamla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşlarının 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırıldığını qeyd edən nazir müavini eyni zamanda yeni Fərman və Sərəncamlarla müavinət və təqaüdlərdə növbəti artımların edildiyini diqqətə çatdırıb.
2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərə yönələn həm müavinətlər, həm də təqaüdlər artırılıb.
Belə ki, Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü 300 manata, bu kateqoriyadan olan digər şəxslər üçün isə 200 manata çatdırılıb.
Eyni zamanda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub. Göründüyü kimi, əlilliyi olan şəxslər üzrə həm müavinətlər, həm təqaüdlərin artırılması təmin edilib.
Nazirlik həmçinin uşağın anadan olmasına görə birdəfəlik müavinətin 500, dəfn üçün birdəfəlik müavinətin 500, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il birdəfəlik müavinətin 300 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdünün 330, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdünün elmlər doktorları üçün 500, fəlsəfə doktorları üçün 300, yaşa görə müavinətin 220 manata çatdırıldığını bildirib.
Eləcə də Prezidentin fərdi təqaüdünün 1500, ailə başçısını itirməyə görə müavinətin (hər ailə üzvü üçün) 120, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinətin 100, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinətin 105, “Xalq” fəxri adına görə təqaüdün 200, “Əməkdar” fəxri adına görə isə 150 manata çatdırıldığı qeyd olunub.
Qeyd olunub ki, son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.
Vurğulanıb ki, yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.
Həmçinin tələbə və doktorantların təqaüdlərinin də artırıldığı, bu artımın da 150 min tələbə və doktorantı əhatə etdiyi diqqətə çatdırılıb.
Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.