Boğulan itini xilas etmək üçün donmuş çayın buzunun altına girən 45 yaşlı Alyaskalı 4 uşaq anası Amanda Riçmond Rocers buz örtüyünün altında itib. Ananın cəsədinin tapılması istiqamətində axtarışlar davam edir.
Elchi.az bu barədə NTV Haber-ə istinadən xəbər verir.
Amanda Riçmond Rocers əri Brayan Rocers və onların iti Qrootla evliliklərinin 18-ci ildönümündə Alyaskada Qartal çayında gəzirmiş.
Onların iti Qroot donmuş Qartal çayının buz təbəqəsindəki kiçik dəlikdən düşüb. Əvvəlcə Brayan, sonra isə Amanda onun ardınca suya girib, lakin gənc qadın buz örtüyünün altında itib.
Amandanın əri, 49 yaşlı Brayan Rocers verdiyi açıqlamada, “O, sadəcə iti xilas etmək üçün içəri atıldı, o, ailə üzvü idi. O, mənim gözümdə və dörd oğlumuzun gözündə qəhrəman kimi öldü” -deyib.
Alyaska Ştat Qoşunları, Dalğıc Axtarış və Xilasetmə Qrupu və Alyaska Vəhşi Təbiət Qoşunları şənbə günü günortadan sonra itkin düşmüş şəxs barədə məlumat verildikdən sonra axtarış işlərini davam etdirir.
Nuranə Məmmədova