ABŞ Dövlət Departamentinin nümayəndəsi MM-də

43

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ilə görüşüb.
Bu barədə Elchi.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları salamlayan Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Regionda mövcud vəziyyətlə bağlı məlumat verən komitə sədri Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərdən danışıb. Vurğulayıb ki, Azərbaycan region ölkələri ilə münasibətləri normallaşdırmaqda və sülh şəraitində qonşuluq münasibətləri qurmaqda maraqlıdır.
O, bildirib ki, hazırda səylər Ermənistanla sülh sazişinin imzalanmasına yönəldilib. Səməd Seyidov sadə erməni xalqının da sülh istədiyini diqqətə çatdıraraq, bəzi qüvvələrin buna mane olduqlarını deyib. O, bu prosesdə tərəflərin birgə səylərinin vacibliyindən danışıb.
Söhbət zamanı Milli Məclisin komitə sədri Fransa Senatının bu günlərdə Azərbaycanın əleyhinə qəbul etdiyi qətnaməni ədalətsiz yanaşma kimi dəyərləndirib. O, ölkəmizin iri neft və qaz layihələri həyata keçirdiyini söyləyərək, Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu qeyd edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Cameron Millard ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını deyib. Qonaq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regionda yeni reallıq yaradıb və yeni təşəbbüslərlə çıxış edir.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri – Siyasi işlər şöbəsinin rəhbəri Mihail Seroka və Siyasi işlər üzrə müşavir Brett Dvorak iştirak ediblər.