Bakıda X Beynəlxalq Bankçılıq Forumu 2026 (IBF 2026) öz fəaliyyətinə başlayıb.
Elchi.az xəbər verir ki, iki gün davam edəcək forum “Mastercard” ilə strateji tərəfdaşlıq çərçivəsində keçiriləcək.
“Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq”mövzusu altında keçirilən Forum Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Türk Dövlətləri Bank Assosiasiyaları Şurası (CBATS), Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunur.
IBF Azərbaycanda bütün bankların rəhbərlərinin iştirak etdiyi yeganə ixtisaslaşmış maliyyə və bankçılıq tədbiridir. Forum həmçinin tənzimləyici qurumların, fintech şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin, akademik dairələrin nümayəndələrini və Azərbaycandan, eləcə də digər ölkələrdən olan aparıcı qərarvericiləri bir araya gətirir.
IBF 2026-nın əsas mövzuları bank əməliyyatlarında və nəzarət proseslərində süni intellektin tətbiqi, açıq bankçılıq və məlumatların daşına bilməsi (Data Portability), rəqəmsal identifikasiya və paylanmış KYC, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq və dələduzluq risklərinin idarə olunması, tokenləşdirilmiş pul və hesablaşma sistemləri, dayanıqlı maliyyə, əhali və KOB subyektləri üçün inklüziv maliyyə, kapital bazarları vasitəsilə maliyyələşmə mənbələrinin şaxələndirilməsi, nəzarət texnologiyaları (SupTech) və bankçılığın gələcəyini formalaşdıran digər mühüm istiqamətləri əhatə edəcək.





















