İndoneziyanın Banten əyalətindəki qənnadı fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 24-ə çatıb. Xilasetmə qrupları, tikilinin uçma təhlükəsinə baxmayaraq, yanaraq xarabaya çevrilmiş ərazidə itkin düşmüş təxminən 30 nəfəri axtarmağa davam edirlər.
Elchi.az xəbər verir ki, səlahiyyətli orqanlar, paytaxt Cakartadan təxminən bir saatlıq məsafədə, Banten əyalətinin Cikande bölgəsində yerləşən “PT Fonusa Agung Mulia” qənnadı fabrikində şənbə günü axşam saatlarında baş vermiş yanğının səbəblərini araşdırırlar.
Əmək məsələləri üzrə ixtisaslaşan prezident müşaviri Səid İqbal jurnalistlərə açıqlamasında 24 nəfərin həlak olduğunu təsdiqləyib. O bildirib ki, təhlükəsizlik protokollarının icrası yoxlanılır və fabrikin baş direktoru dindirilmək üçün çağırılacaq. Səid qeyd edib ki, ilkin məlumatlara görə, yanğına kondisioner sistemindəki qısa qapanma səbəb olmuş ola bilər.
Fabrikin baş direktoru Stiven Ervin Vicaya bildirib ki, şənbə günü növbəsində fabrik kompleksində təxminən 300 nəfər olub.
Xilasetmə qrupları dağıntılar altında qaldığı ehtimal edilən və itkin düşmüş təxminən 30 nəfəri axtarmağa davam edirlər.
Şayəstə




















