İstanbul Hava Limanı bir gündə həyata keçirilən uçuş və qəbul edilən sərnişin sayına görə Türkiyə və Avropada bütün zamanların ən yüksək göstəricisinə nail olub.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Nazirin sözlərinə görə, İstanbul Hava Limanı avqustun 16-da 1 739 uçuş və 290 287 sərnişin qəbul etməklə Türkiyə və Avropada bütün zamanların ən yüksək gündəlik uçuş və sərnişin sayına çatıb.
“İstanbul Hava Limanı avqustun 16-da 1 739 uçuş və 290 287 sərnişinlə Türkiyə və Avropada bütün zamanların ən yüksək gündəlik uçuş və sərnişin sayına çatdı. Beləliklə, İstanbul Hava Limanımız həm uçuş, həm də sərnişin sayında yeni rekorda imza atdı”, – deyə Uraloğlu bildirib.
Nazir İstanbul Hava Limanının beynəlxalq aviasiyadakı strateji əhəmiyyətinin gündən-günə artdığını vurğulayıb.
“İstanbul Hava Limanı malik olduğu tutum, güclü infrastrukturu və təqdim etdiyi xidmət keyfiyyəti ilə dünyanın aparıcı hava limanları sırasında yer alır. Qırılan bu yeni rekordlar hava limanımızın qlobal transfer mərkəzi mövqeyini daha da gücləndirdiyini bir daha ortaya qoydu”, – deyə o qeyd edib.





















