Sudanın Qərbi Kordofan ştatında vəba epidemiyası sürətlə yayılır.
Elchi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.
O vurğulayıb ki, xəstəliyin yayılması ölkədə davam edən silahlı münaqişə fonunda səhiyyə sisteminin iflic olması ilə müşayiət olunur:
“Əhalinin kütləvi yerdəyişməsi tibbi yardıma çıxışı daha da çətinləşdirir. Təhlükəsizlik problemləri və məhdudiyyətlər təcili yardım briqadalarının bölgəyə çatdırılmasını, eləcə də tibbi ləvazimatların və humanitar yardımın paylanmasını ləngidir. Ştatda vəba xəstəliyi şübhəsi ilə 838 nəfər qeydə alınıb. Xəstəliyin çox ağır keçməsi nəticəsində 117 nəfər həyatını itirib”.
ÜST rəhbəri əlavə edib ki, beynəlxalq qurum tərəfdaşları ilə birlikdə vəba müalicə mərkəzlərinin şəbəkəsini genişləndirir, tibb işçilərinin hazırlanması, suyun xlorlanması və əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görür.





















