Böyük Britaniyanın investisiya üzrə dövlət naziri Lord Ceyson Stokvud iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələsini dəstəkləmək və əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycana rəsmi səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Bildirilib ki, Böyük Britaniyanın investisiya nazirinin rəsmi Bakıya ilk dəfə reallaşan bu səfəri ikitərəfli münasibətlərdə mühüm addım olmaqla, strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verir. Səfər həmçinin növbəti Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının iclasına hazırlıq fonunda baş tutub.
Səfər çərçivəsində Lord Ceyson Stokvud Azərbaycanın dövlət və özəl sektorunun əsas tərəfdaşları ilə yüksək səviyyəli investisiya və maliyyə müzakirələri aparıb. Britaniyalı nazir İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Bakı Fond Birjasında (BFB) rəsmi görüşlər keçirib.
Aparılan danışıqların nəticəsi olaraq iki ölkə arasında investisiya və iqtisadi əlaqələr əsas ortaq prioritetlər üzrə daha da möhkəmlənib. Keçirilən görüşlərdə tərəflər arasında investisiya mühitinin genişləndirilməsi və maliyyə əməkdaşlığının dərinləşdirilməsi üçün yeni effektiv imkanların açılması xüsusi diqqət mərkəzində olub.





















