Azərbaycan ilə İtaliya arasında formalaşan strateji tərəfdaşlıq regional və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Mayın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corciya Meloni tərəfindən səsləndirilən bəyanatlar Azərbaycan–İtaliya münasibətlərinin artıq yeni və daha strateji mərhələyə daxil olduğunu göstərdi.
Səsləndirilən fikirlər iki ölkə arasında yalnız diplomatik münasibətlərin deyil, eyni zamanda siyasi, iqtisadi, enerji, təhlükəsizlik, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində qarşılıqlı etimadın daha da möhkəmləndiyini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə İtaliya arasında formalaşmış strateji tərəfdaşlığın uzun illər ərzində qarşılıqlı hörmət və etimada əsaslandığını vurğuladı. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələrinin bu gün real nəticələr verdiyi xüsusi qeyd olundu. Bu münasibətlər artıq yalnız siyasi əlaqələrlə məhdudlaşmır, eyni zamanda geniş iqtisadi əməkdaşlıq platformasına çevrilir. Diqqət çəkən əsas məqamlardan biri İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Bu rəqəm Azərbaycan–İtaliya əlaqələrinin nə qədər böyük iqtisadi potensiala malik olduğunu göstərir. Xüsusilə enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol görüş zamanı xüsusi vurğulandı. Prezident İlham Əliyev Azərbaycanın İtaliyanın həm neft, həm də qaz təchizatında ikinci yerdə olduğunu diqqətə çatdırdı. Keçən il ixrac olunan 25 milyard kubmetr təbii qazın 9,5 milyard kubmetrinin məhz İtaliya bazarına yönləndirilməsi Azərbaycanın Avropa üçün strateji enerji tərəfdaşına çevrildiyini bir daha göstərdi. Eyni zamanda, TAP layihəsinin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr gələcək əməkdaşlıq perspektivlərinin daha da geniş olduğunu nümayiş etdirdi. İtaliya Baş naziri Corciya Meloni də çıxışında enerji məsələsinə xüsusi yer ayırdı. O qeyd etdi ki, Ukraynada müharibənin başlamasından sonra Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində determinant rol oynayıb. Bu fikir Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicini daha da gücləndirir. Meloni enerji ilə yanaşı, nəqliyyat və bağlantı məsələlərinin də mühüm olduğunu vurğulayaraq Azərbaycanın Avropa ilə Asiya arasında əsas geosiyasi və logistika mərkəzlərindən birinə çevrildiyini bildirdi. Çıxışlarda diqqət çəkən digər mühüm istiqamət hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlıq oldu. Prezident İlham Əliyev və Corciya Meloni müdafiə sənayesi, yüksək texnologiyalar, aerokosmik sənaye və mühüm infrastrukturun qorunması sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiklərini bildirdilər. Bu isə göstərir ki, Azərbaycan artıq yalnız enerji sahəsində deyil, həm də texnoloji və sənaye istiqamətlərində beynəlxalq tərəfdaşların diqqət mərkəzindədir. İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də xüsusi qeyd edildi. Hazırda 130-a yaxın İtaliya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi münasibətlərin geniş miqyas aldığını göstərir. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətlərinin 23 layihədə iştirak etməsi beynəlxalq biznes dairələrinin Azərbaycanın bərpa və yenidənqurma siyasətinə olan marağını nümayiş etdirir. Bu layihələr həm iqtisadi inkişaf baxımından, həm də bölgənin gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında təhsil sahəsində əməkdaşlığa verdiyi önəm də diqqət çəkdi. Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universitetinin iki ölkə arasında humanitar və akademik əlaqələrin gücləndirilməsi baxımından mühüm layihə olduğu vurğulandı. Universitetdə artıq yüzlərlə tələbənin təhsil alması gələcəkdə peşəkar kadrların yetişməsinə və Azərbaycan–İtaliya münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Corciya Meloni də öz çıxışında Azərbaycan ilə münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq adlandırdı. O bildirdi ki, mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaşlarla əməkdaşlıq daha da vacib hala gəlir. Azərbaycan ilə münasibətlərin də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıdığı vurğulandı. İtaliya Baş nazirinin Azərbaycanı Avropa üçün mühüm tərəfdaş kimi təqdim etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Görüş zamanı regional və beynəlxalq məsələlər də müzakirə olundu. İran ətrafında yaranmış vəziyyət, regionda təhlükəsizlik məsələləri, Azərbaycan–Ermənistan münasibətləri və Avropa İttifaqı ilə əməkdaşlıq kimi mövzular tərəflər arasında geniş fikir mübadiləsinə səbəb oldu. Corciya Meloni Azərbaycanın regional proseslərdə mühüm rol oynadığını qeyd etdi və normallaşma prosesinə dəstəyini ifadə etdi. Bəyanatlar bir daha göstərdi ki, Azərbaycan bu gün regionda söz sahibi olan, müstəqil siyasət yürüdən və beynəlxalq tərəfdaşları tərəfindən etibarlı dövlət kimi qəbul olunan ölkədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan yalnız enerji sahəsində deyil, siyasi və iqtisadi istiqamətlərdə də strateji əhəmiyyətini artırmaqdadır. Azərbaycan–İtaliya münasibətləri artıq sadəcə diplomatik əməkdaşlıq çərçivəsini aşaraq, genişmiqyaslı strateji tərəfdaşlıq modelinə çevrilib. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, müdafiə sənayesi, təhsil və regional təhlükəsizlik sahələrində verilən mesajlar iki ölkə arasında əlaqələrin gələcəkdə daha da güclənəcəyini göstərir. Bakıda keçirilən bu görüş isə Azərbaycan diplomatiyasının və dövlət rəhbərliyinin beynəlxalq səviyyədə qazandığı uğurların növbəti nümunəsi kimi qiymətləndirilə bilər.