Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcebhesi.az müsahibəni təqdim edir:
– Qüdrət bəy, CNN-in Azərbaycanın İrana qarşı savaşda İsrailə kömək etməsinə dair yaydığı informasiyaya münasibətiniz necədir?
– Azərbaycan dəfələrlə bəyan edib ki, o, öz ərazisindən başqa dövlətlərə, xüsusilə qonşularına qarşı istifadə etməyə heç kimə imkan verməyəcək. Bunu istəyən dövlətlə nə qədər yaxın olmağımızdan asılı olmayaraq. Bu, o zaman ola bilər ki, Azərbaycan özü təcavüzə məruz qalsın. Azərbaycan həqiqətən İsrailə kömək etsəydi, o halda yazmazdılar. Görünür bəzi dairələr həm bundan, həm də Prezident İlham Əliyevin Trampla olan isti münasibətlərindən narahatdırlar. CNN Trampla “müharibə” vəziyyətindədir. İlham Əliyev azsaylı dövlət başçılarından biri olub ki, Trampı seçkidən öncə açıq formada dəstəkləyib. Bunun səbəbi Bayden administrasiyasının bizə qarşı ədalətsiz davranışı idi. CNN-i buna sövq edən başqa səbəblər də var. Azərbaycan həm İranla, həm də Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması üçün qarşı tərəflərin atdığı addımlara müsbət reaksiya verib. İrana humanitar yardım edir, Rusiya ilə İran arasında əlverişli dəhliz olaraq qalır və s. Ona görə də İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm.
– Sabah Ermənistanda baş tutacaq seçkilərin nəticəsini necə proqnozlaşdırırsınız?
– Paşinyan seçkiləri udacaq, amma sual budur ki, parlamentdə konstitusion çoxluğa da sahib olacaqmı? Putinin seçki öncəsi Paşinyana zəng etməsi və onların tezliklə görüşəcəkləri barədə məlumatın yayılması göstərdi ki, Rusiya da Paşinyanın Baş nazir qalacağına əmindir. Rusiya seçki zamanı Paşinyana təzyiq etməklə ona nail oldu ki, Paşinyan Avrasiya İqtisadi İttifaqında qalacağını qətiyyətlə bəyan etdi. Həm də Putin Ermənistanı daim təzyiq altında saxlamaq üçün parlamentdə Rusiyayönümlü müxalifətin güclənməsinə nail olmaq istəyir. İndi Ermənistanda Rusiyayönümlü bir şəxsin hakimiyyətə gəlməsi Rusiyanın maraqlarına cavab vermir, çünki belə olduqda Ermənistana Avropa İttifaqı tərəfindən sanksiya tətbiq oluna bilər. Hazırda Rusiya ona satılmayan bir çox malları Ermənistan üzərindən alır. Görünür Trampla Putin bu məsələdə də anlaşıb. Azərbaycana və Türkiyəyə də Paşinyanın hakimiyyətdə qalması lazımdır.
– Bəs öz ölkəmizdə vəziyyəti necə qiymətləndirirsiniz?
– İslahatların genişləndirilməsinə ehtiyac var. ABŞ ilə 8.5 milyard dollarlıq sazişlərin imzalanması böyük hadisədir. Amma kənd təsərrüfatının, emal müəssisələrinin, yüngül və maşınqayırma sənayesinin, iqtisadiyyatın sürətli inkişafı üçün kiçik və orta sahibkalığın inkişafına əlverişli şərait yaradılmalı, mülkiyyətin toxunulmazlığı təmin edilməlidir. Ən azından kommersiya və inzibati məhkəmələrdə andlı iclasçılar institutu tətbiq olunmalıdır. İnsanlar, kiçik sahibkarlar pozulmuş hüquqları barədə şikayət edir, dinlədikdən sonra deyirəm bu, mülki məsələdir, məhkəməyə müraciət etməlisiniz. Deyirlər yox, süründürməçilik bir yana, ədalətli nəticəyə nail olacağımıza da az inanırıq. Hələ ona nail olsaq belə, onun icrası da başqa bir problemdir. Deyirlər Daxili İşlər Nazirliyindən xahiş edin bizim məsələyə baxsın. Başqa deputatlarla da bu mövzuda söhbətim olub, onlara da eyni müraciətlər olur. Belə olmamalıdır axı. Məhkəmə sədri vətəndaşları qəbul edir, söz verir, sonra sözünü tutmur, yaxud tuta bilmir, fərq etməz. Ölkəmizdə sabitlik var, maliyyə ehtiyatlarımız var, xalqın islahatlar aparmaq gücündə olduğuna inandığı Prezident var, qalır islahatlara nə vaxt başlamaq.
– Qüdrət bəy, futbol üzrə dünya çempionatı başlayır, hansı komandaya azarkeşlik edəcəksiniz?
– Çempionatın başlaması futbolsevərlər üçün böyük bayramdır. Güclü komandaların yarışlarını izləmək əsl istirahətdir, insanlar həyəcanlanır, adrenalin qalxır və bundan ləzzət alırlar. Mən Türkiyə, İran və Özbəkistan komandalarına azarkeşlik edəcəyəm. Oxudum ki, İran komandasının üzvlərinin yarısı Azərbaycan türkləridir. Cənublu soydaşlarımızla birlikdə onlara azarkeşlik edəcəyəm. İspanların çempion olmaq imkanları yüksək qiymətləndirilir. Amma futbol sürprizlərlə doludur və onun gözəlliyi də bundadır.



















