Çərşənbə günü Aİ ölkələrinin səfirləri Ukraynaya vəd edilmiş 90 milyard avro (106 milyard dollar) məbləğində kreditin ayrılmasını, həmçinin Macarıstan öz vetosunu geri götürdükdən sonra Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyiblər.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Aİ Şurasındakı Kipr sədrliyi məlumat verib.
Kipr sədrliyinin nümayəndəsi əlavə edib ki, Avropa İttifaqına üzv olan 27 ölkənin sazişi cümə axşamı günorta saatlarına qədər imzalayacağı gözlənilir.
Ötən il Aİ Ukraynanın 2026 və 2027-ci illərə qədər ayaqda qalmasına imkan verəcək kredit barədə razılığa gəlmişdi. Lakin Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı Rusiya hücumları nəticəsində zədələnmiş boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini sabotaj etməkdə ittiham edərək sazişi imzalamaqdan imtina etmişdi.
Bu ixtilaf həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini də gecikdirmişdi. Aİ bu sanksiyaları əvvəlcə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin dördüncü ildönümündə (24 fevral 2026) qəbul etməyi planlaşdırırdı.
Ukraynanın krediti almaq şansları aprelin 12-də Orbanın Macarıstandakı parlament seçkilərində məğlub olmasından sonra xeyli artıb. Qalib gələn partiyanın lideri Peter Madyar gələn ay vəzifəsinin icrasına başlayacağı gözlənilsə də, artıq Kiyev üçün Aİ vəsaitlərinin ayrılmasını bloklamayacağını bəyan edib.
Məryəm





















