Nigeriyanın Kebbi əyalətində bir məscidə terror hücumu törədilib. Hücumda 6 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az-ın məlumatına görə, Kebbi Əyalət Polis Sözcüsü Başir Usman yazılı açıqlamasında bildirib ki, terror təşkilatı Lakurava üzvləri olduğu güman edilən şəxslər, əyalətin Dadin Kova bölgəsində teravih namazı qılanlara silahlı hücum həyata keçiriblər.
Hücum nəticəsində 6 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirən Usman, “Hücum, hərbçilərə qarşı uğursuz pusqudan sonra Lakurava terrorçularından şübhələndiyimiz şəxslərin qisas əməliyyatı idi”, – deyib.
Qeyd edək ki, Lakurava terror təşkilatı 20 fevralda yenidən Kebbi əyalətində törətdiyi silahlı hücumda 30-dan çox insanın həyatını itirməsinə səbəb olmuşdu.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı qruplar və Boko Haram ilə ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Məryəm





















