İsveç hökuməti Ukraynaya 12,9 milyard kron (1,42 milyard dollar) həcmində yeni – 21-ci hərbi yardım paketini təsdiqləyib. Vəsaitlər hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiləcək.
Elchi.az xəbər verir ki, bu barədə mətbuat konfransında İsveçin müdafiə naziri Pol Yönson məlumat verib.
“HHM sistemlərinin gücləndirilməsi təcili zərurətdir. İsveç Ukraynaya həm miqdar, həm də keyfiyyət baxımından ən çox dəstək verən ölkələrdən biridir. Təchiz etdiyimiz İsveç sistemləri döyüş meydanında özünü çox yaxşı göstərib”, – deyə o bildirib.
Vəsaitlər əsasən yeni yaxınmənzilli HHM sisteminə yönəldiləcək. Bu sistem limanları, yaşayış məntəqələrini, elektrik stansiyalarını və hərbi hissələri hava zərbələrindən qorumağa qadirdir.
4,3 milyard kron Ukraynaya İsveç istehsalı mobil zenit sistemləri TRIDON alınmasına və verilməsinə,
5,6 milyard kron raket və dronların istehsalı və inkişafına,
3 milyard kron isə qumbaraatanların alınmasına, artilleriya sursatına və ukraynalı hərbçilərin təliminə sərf olunacaq.
Hökumətin məlumatına görə, İsveçin Ukraynaya ümumi hərbi dəstəyinin həcmi 103 milyard kron (11,37 milyard dollar) təşkil edir.
Məryəm





















