Müsavat Partiyasının oktyabrın 15-də keçiriləcək mitinqində çox az sayda adamın iştirak etməsi təşkilatın rəhbərliyinə qarşı ittihamların artmasına səbəb olub. Sosial şəbəkələrdə partiyanın bir sıra sabiq və hazırkı üzvləri tərəfindən Müsavatın növbədənkənar qurultayının keşirilməsinə dair çağırışlar yer alıb. Müsavat Partiyasının təkrar qurultayının keçirilməsi tələbi sonuncu qurultaydan sonra qaldırılsa da hazırda bu məsələ bir qədər səngiyib. Narazılar mübarizəni məhkəmə müstəvisində davam etdirməyi düşünürlər.
Mitinqdən sonra təkrar qurultayın zəruriliyi barədə Cebhe.info-nun suallarına Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli cavab verib:
– Müsavat Partiyasının oktyabrın 15-də keçirilmiş mitinqində 200-300 nəfərin iştirak etməsi narazıları yenidən fəallaşdırıb. Siz qurultayın yenidən keçirilməsi barədə son günlər edilən çağırışlara dəstək verəcəksinizmi?
– Bu məsələ həmişə aktual olub. Çox təəssüf ki, son bir ildə bizim təkrar qurultay keçirmək barədə tələblərimiz nəzərə alınmadı. Bizim adımız “narazılar qrupu” qoydular. İsa Qəmbərlə Arif Hacılı əlbir olub bir partiyada iki başqan rolunu oynadılar. Arif Hacılı başqan edilsə də faktiki olaraq rəhbərlik İsa Qəmbərdə oldu. Onlar müsavatçıları sındırmaq məqsədilə ötən ilin dekabr ayında birgə mitinq keçirdilər. Halbuki, orada heç 300 nəfər adam toplaşmamışdı. Hətta o mitinqdə iştirak edənlərdən istefa verənlər də oldu. Partiyada sağlam ruhlu insanlar da yenidən qurultaya getməyi təklif etdilər. Lakin Arif Hacılı və İsa Qəmbər bunu özlərinə təhlükə görərək həmin şəxslərə-onların arasında bizlər də var idik- “xəyanətkar”, “iqtidarla işbirliyində olan” damğasını vurdular. Bu gün faktiki olaraq partiyanın rəhbər strukturunu bir qisim adam idarəçiliyi mənimsəyib. Necə ki, bu gün hakimiyyətdə olan bir qrup vəzifəli şəxs öz yerlərini heç kimə vermək istəmir, eyni vəziyyət də Müsavat Partiyasındadır. İqtidar polisə söykənirsə, Müsavatın rəhbərliyi də partiyaya yeni gələn üzvlərə güvənir. Onlar həm Məclisdə, həm Divanda təmsil olunurlar, həm təşkilat sədridirlər. Adam neçə vəzifə tuta bilər? Bu da bir daha müsavatçıların təkrar qurultay keçirmək çağırışlarına səbəb olur. Təsəvvür edin, əvvəl dedilər ki, Müsavat Partiyası oktyabırn 15-də mitinq keçirir. Sonra məlum oldu ki, İsa Qəmbərin seçicilərlə görüşüdür. Heç orada seçici yox idi. Gələnlər də hakimiyyət tərəfindən rayon təşkilatlarında cəmlənmiş adamlar idi. 110 nəfərin iştirak etdiyi mitinqin aqibəti nə ola bilər? Hərdən adamda belə təəssürat yaranır ki, həqiqətənmi İsa Qəmbər illərini milli hərəkatı tamamilə məhv etməyə xərcləyib? Onlar bu hərəkətləri ilə yalnız Müsavat Partiyasını gözdən salırlar.
– Siz iddia edirsiniz ki, bu gün Müsavat Partiyasında de-yure olmasa da de-fakto həmsədrlik institutu mövcuddur?
– Bəli. Həqiqətən də yerlərdə heç kim heç kimi tanımır. Partiyada yalnız Arif Hacılının və İsa Qəmbərin dediyini qəbul edənlər qalıb. Demokratik mühitdə ana müxalifətçiyi ilə seçilən bir partiyada heç nə qalmayıb.
– Müsavat Partiyasının 2003-cü ilin 12 sentyabr mitinqində 100 min nəfərdən artıq insanın iştirak etdiyi bildirilirdi. İndi nə baş verdi ki, o insanlar aksiyaya gəlmir?
– Əlbəttə, o qədər insanı meydana çıxaran kim idi? Biz müsavatçılar idik. İndi biz “xəyənətkar” elan olunmuşuq. 2013-cü ildə partiya üzvlüyünə gələn adamlar indi rəhbər strukturlarda, idarəçilikdə oturub. Bu hələ harasıdır? Biz onun da şahidi olacağıq ki, Arif Hacılı qurultayda iqtidarın sifarişi ilə başqan seçilib.
– Seçkiqabağı Müsavat Partiyasının ciddi siyasi uğur nümayiş etdirə bilməməsi, əhalinin müxalifətə inamsızlığı səbəbindən seçkilərdən sonra Müsavat Partiyası sıralarında istefaların baş verəcəyinə dair son günlər yayılan məlumatları həqiqətə nə qədər yaxın saymaq olar?
– Guya Müsavat Partiyasında kimlər qalıb ki? Arif Hacılının və İsa Qəmbərin yanında 5-10 nəfər qohum-əqrəba, dost-tanış qalıb. Sırf müsavatçılar yalnız yerli təşkilatlarda, özəklərdə qalıb. Onları da sıxışdırıb çıxarırlar. Mən Cebhe.info saytı vasitəsilə məlumat aldım ki, Binəqədi təşkilatının Şura üzvü Zahir Beydullanı qərargahın gözətçiliyindən çıxarıblar, maaşını da vermirlər. Nə var-nə var, bu adam qurultayda Qubad İbadoğlunu dəstəkləyib. Bu fakt göstərir ki, Müsavatda demokratik mühit yoxdur. Demokratik mühit yoxdursa, deməli, Müsavat xalqın partiyası deyil. O, hakimiyyətin sifarişi ilə seçilmiş Arif Hacılının partiyasıdır.
– Bəs növbədənkənar qurultay təklifini yenə irəli sürəcəksiniz? Çünki axır vaxtlar bu məsələ arxa plana keçmiş kimi görünür.
– Qurultay məsələsi yəqin ki, zaman-zaman gündəmə gələcək. Mən inanmıram ki, heç bir müxalifət partiyası 110 nəfər adamla mitinq keçirsin. Hələ onu demirəm o mitinqə gələnlərin bir qismi də jurnalistlər idi.
– VIII qurultayın nəticələrinin ləğv edilməsi barədə iddia sənədlərinizi məhkəməyə göndərmək istəsəniz də bu həyata keçmədi. İddianızdan geri çəkilməmisiniz ki?
– Biz o sənədlərin üzərində işləyirik. Məhkəmə elə sənədlər tələb edir ki, onlar çox anormal tələblərdir. Bu uzun proses olacaq. Biz çalışacağıq ki, gələcəkdə Müsavat Partiyasının qurultayının yenidən keçirilməsinə və ədalətin bərpa olunmasına nail olaq.