
Analizlər nüfuzlu yarşlarda idmançıların dopinqdən geniş istifadə etdiklərini aşkarlayıb.
WADA Dünya Anti-Dopinq Agentliyi mətbuata sızmış dopinq analizlərinin nəticələrilə bağlı “xeyli narahat” olduğunu bildirib.
Sızan məlumatlardan idmançıların qadağan olunmuş preparatlardan kütləvi şəkildə istifadə edildiyi bəlli olur. ARD/WRD Almaniya teleradio şirkəti və Britaniyanın Sunday Times qəzeti 2001-2012 illər arası 5,000 idmançıdan götürülmüş 12,000 qan analizlərinin nəticələrilə tanış ola biliblər.
Sunday Times qəzetinə əsasən, həmin qan analizlərinin nəticələri ən nüfuzlu dünya yarışlarında dopinq testi zamanı idmançıların “görünməmiş dərəcədə geniş miqyasda” kələk gəldiklərini aşkar edib.
Mətbuata ötürülmüş materiallarla BBC də tanış ola bilib. WADA nəzdində yaradılmış müstəqil komissiya ARD/WDR şirkətinin çəkdiyi sənədli filmdə səslənmiş ittihamların araşdırılacağını bildirib. WADA prezidenti Craig Reedie təşkilatın “bu yeni ittihamlarla bağlı olduqca narahat olduğunu” qeyd edib.
Beynəlxalq Atletika Federasiyaları Assosiyasına (IAAF) məxsus materiallar təşkilatın daxilindən mətbuata xəbərçi əməkdaş tərəfindən ötürülüb. Hadisə ilə bağlı verdiyi bəyanatında IAAF məlumatın “icazəsiz” əldə edildiyini vurğulayaraq, bununla bağlı lazım bildiyi ölçülərin görülməsi hüququnu özündə saxladığını bəyan edib.
The Sunday Times və ARD/WDR əldə etdikləri analiz nəticələrini dəyərləndirmək üçün, qeyd olunduğu kimi, “ən qabaqçıl anti-dopinq ekspertləri sayılan” Robin Parisotto və Michael Ashenden kimi alimlərin köməyindən istifadə ediblər.
Son şərhlər