9to5Mac: Birinci nəsil iPhone Fold-un qiyməti 2399 dollar olacaq.
Elchi.az xəbər verir ki, gələn il satışa çıxarılması gözlənilən Apple-ın ilk qatlanan iPhone-u, modellər sırasındakı ən bahalı cihaz ola bilər. Analitik şirkət Fubon Research-in hesabatına görə, yeni cihazın qiyməti, ehtimal ki, 2399 dollar olacaq və bu, mövcud bazar qiymətlərini xeyli üstələyir. Bu barədə 9to5Mac məlumat verib.
Bu proqnoz təchizat zəncirinin təhlilinə və Apple-ın ənənəvi olaraq yüksək qiymət artımlarına əsaslanır. Təsdiqlənərsə, qatlanan iPhone 1199 dollara satılan flaqman iPhone 17 Pro Max-dan təxminən iki dəfə baha olacaq. Təxmini qiymət həmçinin əsas rəqiblərinin – Samsung Galaxy Z Fold7 (1999 dollar) və Pixel 10 Pro Fold-un (1799 dollar) qiymətindən xeyli yüksəkdir. Yüksək qiymət cihazın bazar mövqeyinə təsir göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, şirkət yeni məhsulun premium statusunu və texnoloji inkişafını vurğulamaq üçün iPhone Ultra adından istifadə edə bilər. Yeni məhsulun texnoloji xüsusiyyətləri, o cümlədən ekranda qırış olmaması da son qiymətə təsir göstərə bilər.
Rəsmi spesifikasiyalar və qiymətlər gələn il üçün planlaşdırılan təqdimatdan sonra açıqlanacaq.
Şayəstə





















