Livanın təhlükəsizlik xidmətləri İsrail bölmələrinin Suriyadan ölkənin şərqinə sıza biləcəyindən ehtiyat edir.
Elchi.az Əmirliyin “The National” qəzeti Livan təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, Livan kəşfiyyat xidmətləri Livanın Suriya ilə sərhədindən cəmi 10 km aralıda strateji əhəmiyyətli yaşayış məntəqəsi olan Suriyanın Qətənə şəhərində İsrail əsgərlərinin hərəkətini qeydə alıb. “Bu, Livan üçün çox ciddi təhlükədir. Təhlükəsizlik qüvvələri İsrailin oradakı varlığını artıra və Livana reydlər keçirə biləcəyindən qorxur”, – mənbə yazır.
“National”ın mənbələri iddia edir ki, İsrail Suriyanın cənubunda bufer zona yaratmaq və bununla da Livana İran silahlarının tədarükünü dayandırmaq niyyətindədir. Bundan əlavə, kəşfiyyat xidmətləri İsrailin Hizbullah hərəkatına məxsus raket buraxılış qurğularını və silah anbarlarını məhv etmək məqsədi ilə ölkənin şərqində reydlər keçirəcəyini istisna etmir.
“Colan təpələrində nəzarəti gücləndirmək, Hizbullahın təsirini məhdudlaşdırmaq və artilleriya və digər silahları orada cəmləşdirməklə İsrailin Suriyanın cənubunda mövcudluğunu genişləndirmək onların strategiyasının bütün əsas elementləridir”, – mənbə qeyd edib.
2024-cü ilin dekabrında Suriyada yeni siyasi rəhbərlik hakimiyyətə gəldikdən bəri İsrail döyüş təyyarələri Livanın Bekaa vadisi ilə Suriya arasındakı sərhəddə Hizbullah mövqelərinə müntəzəm zərbələr endirib.
Qəzet qeyd edir ki, İsrailin hərbi kampaniyası silah alverinin qarşısını almağa yönəlib. Ötən il atəşkəs əldə olunmasına baxmayaraq, bölgədə hücumlar davam edir.
Yeganə


















