İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydendən Qəzzadakı insanların bir qismini geri alması üçün Misirə təzyiq etməsini istədiyi iddia edilib.
Elchi.az xəbər verir ki, “The Washington Post” adı açıqlanmayan diplomatlara əsaslanan hesabatında İsrailin baş naziri Benyamin Netanyahunun 7 oktyabrdan sonrakı hücumlar zamanı Qəzzadan insanları çıxarmaq planını ABŞ prezidenti Co Baydenə çatdırdığını bildirib.
Bu çərçivədə Netanyahunun Qəzzalıların bir qismini qəbul etməsi üçün Bidendən Misirə təzyiq göstərməsini istədiyi ifadə edilib.
Prezident Baydenin Netanyahuya Misirin “bunu bir seçim kimi görmədiyini” cavablandırdığı deyilir.
Xəbərdə Netanyahunun Təl-Əvivə səfər edən İngiltərə baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makrona Qəzzalıların başqa yerə köçürülməsi təklifi etdiyi, lakin təklifin qəbul edilmədiyi vurğulanıb.
Xəbərdə həmçinin İsrailin Qəzza zolağına hücumlarından sonra Təl-Əviv və Vaşinqtonun bölgənin gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu qeyd edilir.
Xəbərlərdə deyilir ki, Bayden administrasiyası Netanyahunu bölgədəki münaqişələrdən sonra fələstinlilərin geri dönməsi ideyasını qəbul etməyə inandırmağa çalışır və İsrail baş naziri bu təkliflə maraqlanmayıb və “qeyri-müəyyən işğal” ideyasını irəli sürüb. ”
Nuranə Məmmədova