Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
Elchi.az xəbər verir ki, iyunun 8-də Ankarada Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar keçirilib. Danışıqlarda regional və beynəlxalq gündəliyə dair geniş spektrli məsələlər, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
“Biz Qafqazda 3+3 formatını, eləcə də Azərbaycanla Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə etdik. Bu məsələlərdə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edirəm”, – Türkiyənin xarici işlər naziri rusiyalı həmkarı ilə görüşdən sonra bildirib.
Çavuşoğlunun sözlərinə görə, Ankara hesab edir ki, xüsusilə Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması regionda sabitlik üçün vacibdir.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, 3+3 formatında (Ermənistan, Gürcüstan, Azərbaycan – Rusiya, Türkiyə, İran) Transqafqaz üzrə işlər davam etdirilir, ikinci görüşə hazırlıq gedir. O əlavə edib ki, Rusiya tərəfi görüşü ilin birinci yarısının sonuna qədər keçirməyi gözləyir.