Gənc
blogger və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Mehman Hüseynov
oktyabrın 27-də Yasamal rayonunda polislər tərəfindən saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb və dindirilib. Dindirildikdən sonra Hüseynov sərbəst buraxılıb.
Avqustun 8-də RATİ-nin ofisində Baş Prokurorluğun yoxlamalara başladığı gündən gənc blogger və onun qardaşı, təşkilatın rəhbəri Emin Hüseynovun harada olması və fəaliyyəti ilə bağlı heç bir məlumat yox idi.
Üç ay ərzində Hüseynov qardaşlarının hüquq-mühafizə orqanlarında saxlanılıb-saxlanılmadığı barədə “BBC Azərbaycancan”ın sorğularına şərh verilməyib.
Bir neçə aydır ctimaiyyət arasında görünməyən blogger son 3 aylıq həyatı və fəaliyyəti ilə bağlı BBC Azərbaycancaya müsahibə verib.
– Mehman, RATİ-nin ofisi bağlanan gündən harada idin? Nə edirdin?
– Mən Bakıda idim. Əvvəllər ofisdə və ya dostlarım gildə qalırdım. Evdə qalmırdım, çünki ev şəraitimiz uyğun deyil, orda atamla anam qalır. Hadisələrdən sonra da dostum gildə qalırdım, vəssalam. Mənə qarşı təxribat olmasın deyə çalışırdım ki, evdə olum.
– Nə mənada təxribat?
-Təxribat mənim fəaliyətimə görə ola bilərdi. Misalçün Seymur Həzi yolda gedərkən ona yaxınlaşıb deyiblər ki, Facebook-da niyə cavab vermirsən və həbs ediblər. Bu cür hadisələr baş verməsin deyə çalışırdım ki, maksimum ev şəraitində olum. Amma fəaliyyətimi də davam etdirirdim. “Sancaq Production”da paylaşımlar edirdim, əvvəl necə idisə, elə idi.
– İzlənilirdinmi?
– İzlənmə var idi, amma gündüzlər mən gedirdim evə, axşamlar qayıdırdım dostum gilə. İki gün bundan qabaq mən və sürücü Əlövsətlə “Asan Xidmət”ə gedərkən bizim maşının qarşısını 5-6 maşın kəsdi. Yasamal Rayon Polis İdarəsinin işçiləri idi. Ordan da apardılar prokurorluğa və dindirdilər.
– Səni hansı cinayət işi üzrə şahid qismində dindiriblər?
-Mənə demiyiblər hansı cinayət işi üzrə şahid qismində dindirilmişəm. Saxlanıldığım zaman qanun pozuntuları çox olub. 2012-ci ildə mənə qarşı cinayət işi açılıb və Baş Prokurorluğun icazəsi olmadan Bakını tərk edə bilmərəm. Ona görə mən bilirdim ki, onlar bilirlər mən hardayam. Əgər hansısa iş üzrə məni şahid qismində cəlb eləmək istəyirdilərsə, ünvanım var. Ora rəsmi çağırış göndərə bilərdilər. Bunu etmirdilər və mən rahat idim ki, cinayətkar deyiləm ki, məni axtarsınlar. Əgər RATi ilə bağlı cinayət işi idisə, mənə sorğu-sual ancaq Sancağın fəaliyyəti üzərində qurulmuşdu. Bir də mənə bir sual verdilər ki, sonuncu dəfə qardaşını haçan görmüsən?
– Emin Hüseynov – qardaşın haradadır?
– Qardaşımı sonuncu dəfə avqustun əvvəlində görmüşəm. Bilmirəm haradadır. Nə telefon əlaqəm, nə danışığım, nə də kiminsə vasitəsilə danışığım olmayıb. Heç bir məlumatım yoxdur. O barədə heç nə deyəmmərəm. Nəsə xəbərim olsaydı əlbəttə ki, deyərdim. Valideynlərim də məni çətinliklə tapıblar, inanmıram ki, qardaşımın yerini bilsinlər və yaxud da onun haqqında xəbərləri olsun.
– Özünü təhlükədə hiss edirsən?
-Təhlükə yenə də qalır. Təhlükə həmişə qalır. Çalışacam maksimum diqqətli və ehtiyatlı olum. “Sancaq Production” necə var idisə, elə də var. Bundan sonra da mən artıq bloggerlik fəaliyyətimi də davam etdirəcəm. İndi normal, sərbəst gəzirəm. Axşamlar küçəyə çıxmıram, ehtiyatlanıram. Gündüzlər ailəmlə və dostlarımla vaxt keçirirəm.
– Səni sosial mediada izləyənlərə nə demək istərdin?
– Saxlanılan gün Facebook-da status yazmışdım, hekayə kimi. Əslində saytlardan çoxu mənə yazmışdı ki, olar o statusu dərc edək? O statusun mənim itməyimlə bağlı heç bir əlaqəsi yox idi. Sadəcə bəzi redaktorlar və qəzetlər arada mən olmayanda haqqımda az qala Hollivud kinosu çəkdilər. Gah yazdılar Mehman Hüseynov “Arqo” kinosundakı süjetlə ölkədən çıxarılacaq. Gah yazdılar ki, 5 ildən sonra Amerikanlar bura hansısa rejossorunu göndərəcək, bizim haqda kino çəkəcəklər və bu yolla bizi ölkədən çıxaracaqlar. Bu cür mənasız və dəxlisiz bir məqalələr yazılırdı. Mən də həmin saytlara cavab olaraq götürdüm bu statusu yazdım. Dedim ki, əgər süjet istəyirdinizsə, bu da sizə süjet.
Məni sosial mediada izləyənlərə sözüm odur ki, bütün təzyiqlərə baxmayaraq, fəaliyyətimi davam etdirəcəyəm.
Mehman Hüseynov 2012-ci ildə polisə müqavimət göstərmək maddəsi ilə saxlanılıb və dindirildikdən sonra sərbəst buraxılıb. Daxili İşlər Nazirliyi bloqçunun İctimai Palatanın aksiyası zamanı hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi faktı üzrə cinayət işi ilə bağlı saxlanıldığını açıqlayıb.
Hüseynov özü o zaman BBC Azərbaycancaya Bakıda keçirilən “Eurovision-2012″ müsabiqəsi zamanı RATİ-nin əməkdaşı kimi hadisələri işıqlandırdığına və Demokratiya naminə oxu” kampaniyasının üzvü olduğuna görə saxlanıldığını bildirib.
2013-cü ilin oktyabrında prezident seçkilərinə bir neçə gün qalmış bloqer sosial şəbəkələrdə namizədlərin debatına 300 Spartalı filmi ilə satirik video hazırladığına görə yenidən saxlanılıb. Baş Prokurorluqda 6 saat dindirildikdən sonra sərbəst buraxılıb.
BBC Azərbaycancaya açıqlamasında bloqçu deyib ki, ona “seçkilər ərəfəsi fəaliyyətimi asta aparması tövsiyyə olunub”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, cənab Hüseynovun saxlanmasının səbəbi “sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılmasıdır”.
O hansı məlumatları nəzərdə tutmasına aydınlıq gətirməyib.