APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələləri üzrə attaşesi Samirə Ağayeva jurnalistlərə açıqlamasında təqdimatı keçirilən kataloqun Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etdiyini bildirib: “Bu kitab böyük əhəmiyyət daşıyır. Burada xalçalar bölgələr üzrə təqdim olunub. Bu nəşrdə XVIII-XIX-XX əsrlərdə Qarabağ, Şəki, Şirvan, Quba, Borçalı xalçalarının toxunuşu barədə məlumatlar var. Кataloqda qədimi xalçalarımızın bütün dillərdə olan xalça adlarının izahı və atributları da şəkilləri ilə birlikdə verilib.”
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze APA-ya açqılamasında kataloqda Azərbaycan xalqının həm məişət, həm də yüksək estetik mədəniyyətinin təsvir olunduğunu bildirib: “İndiyədək Gürcüstan Milli Muzeyində saxlanılan bu eksponatlar bu cür formatla və yüksək poliqrafik səviyyə ilə nəşr olunmayıb. Son illər ARDNŞ-in Qafqaz xalqlarının etnomədəniyyətinin populyarlaşmasına ayırdığı diqqət həqiqətən də təqdirəlayiqdir. Qarşımızdakı bu kataloq bunun bariz nümunəsi və təsdiqidir,” D. Lordkipanidze vurğulayıb.
Qeyd edək ki, “Azərbaycan xalçaları” kataloqu Azərbaycan, gürcü, rus və ingilis dillərində nəşr olunub. Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstan mədəniyyət nazirliyinin, Gürcüstanda fəaliyyət göstərən bir çox muzeylərin əməkdaşları, rəssamlar və ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.